Suriya müxalifətinin barışıq danışıqları yekunlaşır

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Suriya müxalifətinin nümayəndələri arasında aparılan danışıqların bu gün yekunlaşacağı gözlənilir.

 

APA TV-nin "Euronews"a istinadən məlumatına görə, məsləhətləşmələrdə iştirak edən mənbələrdən prosesin cümə günü də davam etdirilməsinin mümkünlüyü bildirilib.

 

Görüşün yekunu olaraq müxalif qruplar öz aralarında Bəşər Əsədi təmsil edən qüvvələrlə danışıqlar masasına gətirib çıxaracaq yol xəritəsi üzərində işi tamamlamağı düşünürlər. Bununla paralel olaraq Səudiyyə paytaxtında keçirilən Fars Körfəzi Ölkələrinin Sammitində liderlər suriyalı müxalifləri dialoq şansını qaçırmamağa çağırıb.

 

Bu arada Homs şəhərinin qubernatoru əl-Bərazi "ən-Nüsra Cəbhəsi" qruplaşmasının 300-ə yaxın üzvünün daha öncə ələ keçirdikləri məhəllələri boşaltmağa başladıqlarını deyib. Onun sözlərinə görə, Homs şəhərini tərk edən silahlılar qüvvələrini ölkənin şimal-qərbində yerləşən İdlibdə cəmləşdirməyə başlayıb.

Müəllif | Apa.Tv
Apa.tv