Ermənilər İrəvandakı Göy məscidi İrana icarəyə verdilər

Ermənistan hökuməti dekabrın 10-da İrəvandakı Göy məscid və ona bitişik ərazilərin Ermənistana məxsus olması barədə qərar qəbul edib.

 

APA TV-nin erməni mənbələrinə istinadən verdiyi xəbərə görə, məscid Ermənistanın tarixi və mədəni abidələri siyahısına salınacaq.

 

Eyni zamanda dövlət qeydiyyatından keçdikdən sonra məscidin 99 illiyə İran İslam Respublikasının istifadəsinə verilməsi ilə bağlı bu ölkənin Ermənistandakı səfirliyi ilə müqavilə imzalanacaq.

 

Məscidin binası İranın mədəniyyət mərkəzi kimi istifadə ediləcək.

 

Qeyd edək ki, Göy məscid İrəvanda yaşamış azərbaycanlılara məxsus olub. Məscid 1766-cı ildə İrəvan xanı Hüseynəli Xanın əmri ilə tikilib və Azərbaycan memarlıq nümunələrindən biridir. Göy məscid İrəvan məscidləri içərisində ölçüsünə görə ən böyüyü və İrəvan şəhərinin mərkəzi came məscidi olub.

 

Göy məscid Çar dövründə İrəvanda azərbaycanlıların dini ibadətlərini etdikləri 8 məsciddən biri idi. 1995-2006-cı illərdə məscid İran tikinti şirkətlərinin köməyi ilə bərpa olunub və İranın Ermənistandakı mədəniyyət mərkəzlərindən birinə çevrilib.

Müəllif | Apa.Tv
Apa.tv