Tovuzda ana və qızı turşudan zəhərləndi

Tovuz rayonunda zəhərlənmə hadisəsi baş verib. APA TV-nın qərb bürosunun xəbərinə görə, Tovuz rayon sakinləri - 1976-cı il təvəllüdlü, Ruhiyyə Aslanova və onun qızı, 1995-ci il təvəllüdlü Kəmalə Məmmədova ağır zəhərlənmə əlamətləri ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

Həkim Nəzakət Tağıyevanın sözlərinə görə, ana və qızı xəstəxanaya çox ağır vəziyyətdə gətirilib: "Səhər-səhər gətiriləndə qızın vəziyyəti hədsiz ağır idi. Tənəffüs pozğunluğu, udma çətinləşib. Çox ağır vəziyyətdə olduğu üçün birbaşa süni tənəffüs aparatına qoşulub. Lazım olan yardımlar həm anasına, həm də qıza olunub. Hərəsinə vena daxilinə iki doza zərdab vurulub".

 

Məlumata görə, Ruhiyyə Aslanova və onun qızı dekabrın 8-də şam yeməyi vaxtı evdə konservləşdirilmiş pomidor turşusu yeyiblər. Ayın 9-da mədə ağrısı və digər zəhərlənmə əlamətləri hiss etsələr də, xəstəxanaya getmək istəməyiblər. Bu gün isə vəziyyətləri pisləşdiyi üçün xəstəxanaya yerləşdiriliblər.

Müəllif | Apa.Tv
Apa.tv