Azərbaycan prezidenti İlham Əliyevin Pekində rəsmi qarşılanma mərasimi olub
Çin Xalq Respublikasında dövlət səfərində olan Azərbaycan prezidenti İlham Əliyevin dekabrın 10-da Ümumçin Xalq Nümayəndələri Yığıncağında - parlamentdə rəsmi qarşılanma mərasimi olub.
APA TV-nin məlumatına görə, Çin Xalq Respublikasının sədri Si Cinpin Azərbaycan prezidenti İlham Əliyevi qarşılayıb. Çinin rəsmi şəxsləri prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Si Cinpinə təqdim olunub.
Hərbi orkestrin ifasında Azərbaycan və Çinin dövlət himnləri səslənib. Fəxri qarovul dəstəsinin rəisi prezident İlham Əliyevə raport verib, dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Əllərində Azərbaycan və Çinin bayraqları olan uşaqlar dövlət başçılarını salamlayıblar.
Azərbaycan prezidenti səfər çərçivəsində Pekində Paytaxt Muzeyi ilə tanış olub. Məlumat verilib ki, Paytaxt Muzeyi Pekində incəsənət mərkəzi kimi də məşhurdur. Çinin qədim tarixinin, mədəniyyətinin nümayiş etdirildiyi mühüm mərkəzlərdən olan bu muzey 1981-ci ildə yaradılıb və hazırda yerləşdiyi binaya 2006-cı ildə köçürülüb.
Prezident İlham Əliyevin diqqətinə çatdırılıb ki, Paytaxt Muzeyində hazırda 200 mindən çox eksponat olsa da, kolleksiyanın yalnız kiçik bir hissəsi nümayiş etdirilir. Muzeyin incəsənət kolleksiyasının böyük hissəsi Pekində yerin altından tapılmış artefaktlardan ibarətdir.
Muzeydə üç əsas bölmə var. Burada sərgilənən eksponatlar əsasən keçmiş dövrün kolleksiyalarına aiddir. Bütün sərgilərdə tarixi irsə aid ümumilikdə 5622 eksponat nümayiş etdirilir. Muzeyin zalları ən müasir texnologiya ilə təchiz edilib.
Dövlət başçısına xatirə hədiyyəsi təqdim olunub.