Sabirabad polisi qanunsuz ovlanmış 300 quşu müsadirə etdi

Sabirabad polisi qanunsuz ovla bağlı rayon ərazisində növbəti reyd keçirib.

 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, reyd zamanı Şirvan şəhər sakini Həsənov Mürvət Ağarza oğlunun idarə etdiyi "VAZ-2106" markalı 54 BC 584 dövlət nömrə nişanlı avtomobilə baxış keçirilərkən oradan qanunsuz ovlanmış 276 qaşqaldaq və 11 ördək quşu götürülüb.

 

M.Həsənovun dediyinə görə, ov quşlarını Sarısu gölündən bir neçə ovçudan 2,5 manata alıb: "Satıb dərman pulumu ödəyəcəkdim. Birini 2 manat 50 qəpiyə almışam. 2-ci qrup əliləm, xərçəng xəstəsiyəm. Almışam ki, gedim dərman alım, özümü müalicə etdirim. Başqa yolum yoxdur, neyləyim?"

 

Qanunsuz ovla bağlı Sabirabad polisi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

 

Eyni zamanda Sabirabad rayonunun Şəhriyar kənd sakini Mirzəyev Arif Fitatxan oğlu, Mürsəlli kənd sakini Zeynalov Balaca İltimas oğlu və Əsədli kənd sakini Qurbanov Namiz Rafiq oğlundan 3 ədəd sənədsiz ov tüfəngi götürülüb. Onlar barəsində protokol tərtib edilərək, baxılmaq üçün Sabirabad Rayon Məhkəməsinə göndərilib.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı