Tovuzda yanğın: 35 ev quşu tələf oldu

Tovuzda yanğın olub. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə ötən axşam rayonun Əlimərdanlı kəndində, Saçlı Qasımovaya məxsus evdə baş verib.

 

Odun sobasından düşən qığılcım tez bir zamanda alovlanaraq ətrafa yayılıb. Yanığını söndürmək üçün əraziyə Tovuz Yanğından Mühafizə Hissəsinin 2 avtomobili və canlı qüvvəsi cəlb edilib. Tez bir zamanda alov söndürülüb.

 

Zərərçəkən Saçlı Qasımova bildirib ki, hadisə zamanı 2 baş iribuynuzlu heyvan yanğından sağ çıxsa da, 35 ev quşu yanaraq tələf olub. Ümumilikdə yanğın hadisəsi zamanı 64 kvadratmetr olan köməkçi tikilinin çardağının yanar konstruksiyaları və içərisinə yığılmış 1 ton ot bağlamasının 400 kq-ı yanıb. Yaxınlıqda olan qaz boru xətti və qonşu evlər yanğından mühafizə olunub.

Müəllif | Apa.Tv
Apa.tv