Bu il ilk dəfə səsvermədə iştirak edəcək gənclərin sayı açıqlandı
"Bu il ilk dəfə olaraq təxminən 70 minə yaxın səsvermədə iştirak edəcək".
APA TV xəbər verir ki, Mərkəzi Seçki Komissiyası katibliyinin rəhbəri Rövzət Qasımovun sözlərinə görə, prezident seçkilərində ilk dəfə iştirak edən gənclərin ümumi sayı isə 500 minə yaxındır. O qeyd edib ki, seçki günü - oktyabrın 9-da 150 gənc seçicinin 18 yaşı tamam olacaq və bu gənclərin də səsvermədə iştirakı təmin olunacaq.
Rövzət Qasımov vurğulayıb ki, Mərkəzi Seçki Komissiyası gənclərin seçkilərdə fəal olması üçün Gənclər və İdman Nazirliyi ilə bir sıra tədbirlər həyata keçirəcək. Belə ki, yaxın vaxtlarda bu mövzuda xüsusi çarxlar nümayiş etdiriləcək. O, oktyabrın 9-da keçiriləcək prezident seçkilərində gənclərin fəallıq nümayiş etdirəcəyinə ümidvar olduğunu da vurğulayıb. Qeyd edək ki, prezident seçkilərində gənclərin seçki prosesinə cəlb olunması məqsədilə başlanan “Səs Ver” kampaniyasının təqdimat mərasimi olub. “İrəli” İctimai Birliyinin sədri Rauf Mərdiyev deyib ki, bu il ümumilikdə 5 milyon nəfər seçici səsvermədə iştirak edəcək və onların 2 milyon nəfəri, yəni 40 faizi gənclərdir. Gənclər arasında təxminən 500 min nəfəri ilk dəfə prezident seçkilərində səs verəcək ki, bu da ümumi seçicilərin 10 faizini təşkil edir.