Mədət Quliyev: "MTN-də 250 nəfər işdən çıxarılıb"
Milli təhlükəsizlik nazirinin 1-ci müavini Mədət Quliyev Milli Təhlükəsizlik Nazirliyində baş verən son hadisələrə münasibət bildirib.
APA TV-nin məlumatına görə, M.Quliyev qeyd edib ki, Milli Təhlükəsizlik Nazirliyində işdən çıxarılan şəxslərin yerinə təyinat yox, əksinə, ixtisarlar aparılmalıdır: “Biz hesab edirik ki, Milli Təhlükəsizlik Nazirliyinin heyəti sayca az olmalı və operativ şəkildə işini görməlidir".
Nazir müavininin sözlərinə görə, vəzifəyə təyin olunandan bəri bir neçə səriştəsiz işçilər vəzifədən azad olunub. Bu və ya digər şəkildə cinayət əməllərində iştirak edən əməkdaşlar isə istintaqa cəlb olunub: "Mən vəzifəyə təyin olunandan 250 yararsız əməkdaş vəzifədən kənarlaşdırılıb. Respublika Prokurorluğunda cinayət işi qaldırılıb, araşdırmalar aparılır və fiqurantlar həbs olunurlar. Hər bir şəxs qanun qarşısında cavab verəcək".
M.Quliyev həmçinin qeyd edib ki, əvvəllər müxtəlif səbəblərə görə vəzifədən kənarlaşdırılan bacarıqlı əməkdaşlar yenidən xidmətə cəlb edilir və bu proses davam edir.