FHN-in Avropa İttifaqı ilə keçirdiyi tvinninq layihəsi yekunlaşdı
Bu gün Bakıda “Avropa İttifaqının tikinti standartlarına keçid sahəsində FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə dəstəyin göstərilməsi” tvinninq layihəsinin yekun konfransı keçirilib.
APA TV-nin xəbərinə görə, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə konfransda çıxış edən fövqəladə hallar nazirinin müavini Ragim Lətifov birgə çalışdıqları Almaniya İnşaat Texnologiyaları İnstitutu və digər milli və əcnəbi tərəfdaşlarına təşəkkürlərini bildirib.
"Tvinning layihəsi ilk növbədə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin struktur bölmələrinin inzibati potensialının gücləndirilməsinə xidmət etmiş və agentliyin qarşısında yeni perspektivlər açmışdır. Məhz bu layihə çərçivəsində əldə olunmuş nailiyyətlər, ümumiyyətlə, Tvinning alətinin üstünlükləri və əhəmiyyəti bu istiqamətdə işlərin davam etdirilməsini şərtləndirir və gələcəkdə yeni ideyalarla çıxış etməyi zəruri edir" - deyə nazir müavini qeyd edib.
Avropa İttifaqının Azərbaycandakı səfiri Malena Mard isə bildirib ki, Azərbaycan hökuməti tərəfindən milli tikinti standartlarının Avropa standartlarına keçidinə dair qərar verilib: "Bu sahədə əməkdaşlıq layihəsinin həyata keçirilməsini bizə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi təklif etmişdi. Azərbaycan Tvinninq layihələri çox həyata keçirilən ölkələrdən biridir. Azərbaycan bu layihə ilə böyük təcrübə və uğur qazandı. Onun uğur qazanmasının əsas səbəblərindən biri isə peşəkar tərəfdaşlarının olmasıdır".
Daha sonra Tvinning layihəsinin işçi qrupunun üzvlərinə sertifikatlar verilib.
Qeyd edək ki, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi ilə Almaniya İnşaat Texnologiyaları İnstitutu arasında niyyət bəyannaməsi imzalanacaq.