Ev sahibinin qızı ilə əlbir olub, qızılları oğurlayanlar tutuldu

Göyçay rayonunda soyğunçuluq məqsədilə mənzilə basqın edən maskalı 5 nəfər şəxsdən sonuncu iki nəfər də tutulub.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, polis əməkdaşları hadisəni törədən 5 nəfərdən daha ikisini - Tərtər rayon sakini, 1985-ci il təvəllüdlü Əliyev Emin Xaliq oğlunu və Füzuli rayon sakini, 1986-cı il təvəllüdlü Şəmiyev Eltac Mansur oğlunu saxlayıblar. Eyni zamanda basqın edilən evin sahibi Fərzəli Hacıyevin qızının - 1976-cı il təvəllüdlü Samirə Rəcəbovanın maskalı şəxslərlə əlbir olduğu, onların evə daxil olmalarına şərait yaratdığı məlum olub. Göyçay şəhərinin Vaqif küçəsində qeydiyyatda olan, Bakı şəhərində yaşayan 1976-cı il təvəllüdlü Rəcəbova Samirə Fərzalı qızı ötən gecə tutularaq Göyçay rayon Polis Şöbəsinin istintaq bölməsinə təhvil verilib.

 

Qeyd edək ki, dekabrın 1-də gündüz saat 11:00 radələrində Göyçay şəhərinin Vaqif küçəsində, 1952-ci il təvəllüdlü rayon sakini Hacıyev Fərzəli Məhəmməd oğlunun yaşadığı 45 saylı evə əllərində bıçaq olan 5 nəfər maskalı şəxs basqın edib. Naməlum şəxslər Fərzəli Hacıyevi, onun həyat yoldaşı, 1958-ci il təvəllüdlü Rəxşəndə Hacıyevanı və 1995-ci il təvəllüdlü oğlu Fərhad Hacıyevi döyərək onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər. Onlar evdəki qızıl əşyaları və pulları götürərək qaçıblar. Polis əməkdaşları hadisəni törədən dəstənin iki üzvünü Bakının Xətai rayonu, NZS qəsəbə sakini, 1989-cu il təvəllüdlü İsmayılov Orxan İsrayıl oğlu və İmişli şəhər sakini, 1990-cı il təvəllüdlü Mehdiyev Səxavət Bakir oğlunu dekabrın 1-də gecə saatlarında Bakı şəhərində saxlayıblar. Dekabrın 7-də isə Ağcabədi rayon sakini, 1966-cı il təvəllüdlü Azadov Ədalət Azad oğlu DİN-in Təhlükəsiz Şəhər Xidməti əməkdaşları tərəfindən paytaxtın Nərimanov rayonu ərazisində “Mercedes” markalı avtomobili idarə edərkən müəyyən edilərək tutulub.

Saxlanılan Samirə Rəcəbova əməlinə görə peşman olduğunu deyib: “Peşmanam, ancaq uşaqlarıma görə. Uşaqlarım yazıq oldu. Plan demək olmaz, bir-iki kəlmə sözdür, dedim. Uşaqlarımın birinin 14, birinin 15 yaşı var. Mənim elə atam yoxdur. Atam məni küçəyə atıb. Bir dəfə də olsa zəng etməyib, maraqlanmayıb. Bütün bu işlərin bu yerə gəlib çatmasının səbəbi atamdır”.

 

Saxlanılan Səxavət Mehdiyev prosesdə yalnız sürücü qismində iştirak etdiyini deyib: “Dəstə ilə mən sürücü kimi gəlmişdim. Burada Samirə adlı bir qız var. Mən gətirdiyim uşaqlara o müəyyən cinayət işləri təklif edib, işə başçılıq edib. Gəldik burada da belə. Mən tanımırdım, mənim bir tanışım var. Deyilənə görə, guya qeyri-rəsmi yaşadığı bir insandır. Əməlimdən də peşmanam”.

 

Digər saxlanılan Orxan İsmayılov Samirə Rəcəbovanı çoxdan tanıdığını deyib: “Çoxdan tanıyırdım Samirəni. Danışıq olmuşdu. Bir yerdə eşitmişdim ki, belə bir iş görmək olar. Danışanda bilirdim ki, dədəsinin evidir”.

 

Dəstə üzvlərindən Ədalət Azadov isə hadisə barədə heç nə bilmədiyini deyib: “Mənim günahım odur ki, o qızı aparıb gizlətmişəm”.

 

Baş müstəntiq Saleh Muştaqov saxlanan dəstə üzvləri barədə rayon məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qəti imkan tədbiri seçildiyini deyib: “Hazırda dəstə üzvlərinin digər cinayətlərdə  iştirakının olub olması istiqamətində əməliyyat istintaq tədbirləri davam etdirilir”.

Qeyd edək ki, Fərzalı Hacıyevin uzun müddətdir ki, rayonda dəri alveri ilə məşğul olduğu bildirilir. Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov