FHN Akademiyasında Heydər Əliyevin xatirəsi anıldı

Dekabrın 11-də Fövqəladə Hallar Nazirliyinin Akademiyasında ümummilli lider Heydər Əliyevin əziz xatirəsi dərin ehtiramla anılıb.

 

APA TV-nin xəbərinə görə, əvvəlcə ulu öndərin abidəsinin önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.

 

Ümummilli liderin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbiri giriş sözü ilə açan Akademiyanın rəisi, general-mayor Pənah Süleymanov müstəqil Azərbaycan dövlətinin banisi və dünya şöhrətli siyasətçi Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən söz açıb. O, ulu öndərin əsasını qoyduğu mütərəqqi siyasətin layiqli davamçısı, Azərbaycan prezidenti İlham Əliyevin fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, bu sahədə gənc kadrların yetişdirilməsi işinə hər zaman göstərdiyi yüksək diqqət və qayğısından da danışıb.

 

Mərasimdə Akademiyanın rəis müavini, polkovnik Afət Qurbanov “Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisidir”, dosent Fizuli İbrahimzadə isə “Bütün həyatını xalqına həsr etmiş tarixi şəxsiyyət” mövzularında məruzələrini təqdim ediblər.

 

Sonda Heydər Əliyevə həsr olunmuş “Şərəfli ömür yolu” filminin nümayişi olub.

Müəllif | Apa.Tv
Apa.tv