Bərdədə 3 il əvvəl tikilən məktəb binası qəzalı vəziyyətə düşüb
Bərdədə Laçın və Kəlbəcərdən olan məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə 3 il əvvəl tikilib istifadəyə verilən məktəb binası qəzalı vəziyyətə düşüb.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, 2012-ci ildə Bərdənin "Xam torpaq" adlanan ərazisində istifadəyə verilən 195 ailəlik yeni qəsəbədə inşa olunan məktəb binasının bünövrəsi çöküb.
Yeni məktəb binası istifadəyə verildiyi gündən iki təhsil müəssisəsinin - Laçın rayon Təhsil Şöbəsinin Vüqar Abdullayev adına Hacıxanlı kənd tam orta məktəbi və Kəlbəcər rayon Təhsil Şöbəsinin 120 saylı tam orta məktəbinin şagirdləri iki növbəli təhsil alır. Binanın bünövrəsinin çökməsi ara divarlarının havada qalmasına səbəb olub. Artıq çatlar 8 sm-ə, bəzi yerlərdə isə 18 sm-ə çatıb.
Qəsəbə sakini Əli Hümbətov: "Məktəb açılan vaxt uşağımıza aldığımız paltar hələ köhnəlməyib, məktəb uçur".
Qəsəbə sakini Yunis Xəlilov: "Hər an təhlükəlidir. Uça, çökə bilər. Uşaq söykənər, divar uçar, altında qala bilər. Ona görə tək mən yox, bütün valideynlər səhərdən axşama qədər burdadır. Lazım olan orqanlara, Bərdə rayon "Qaçqınkom"una müraciət olunub, Təhsil Şöbəsinə deyilib, Laçın Rayon İcra Hakimiyyətinə - hər yerə məlumat verilib.
Məktəbin istixanasındakı durum daha da acınacaqlıdır. Beton döşəmənin çökməsi mavi yanacaqla işləyən qurğuları da qəzalı vəziyyətə salıb. Vəziyyətlə bağlı aidiyyəti qurumlara yazılı və şifahi xəbərdarlıq olunub. Lakin hələ müsbət cavab alınmayıb.
Hacıxanlı kənd tam orta məktəbin direktoru Kamil Hümbətov: "Məktəbin vəziyyəti ilə əlaqədar bütün qurumlara müraciət eləmişik. Son nəticədə Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional İdarəsinin mütəxəssisləri gəldilər, baxış keçirdilər. Onların cavabını gözləyirik".
Laçın rayon Təhsil Şöbəsinin müdiri Malik Vəliyev APA TV-yə açıqlamasında bildirib ki, məktəbin vəziyyəti ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə məlumat verilib. Komitənin nümayəndələri məktəbə baxış keçirib və qərara alınıb ki, binanın bünövrəsində təməlbərkitmə işləri aparılması vacibdir. Təməlbərkitmə işlərinin aparılması isə Məcburi Köçkünlərin Sosial İnkişaf Fonduna tapşırılıb.