Ana ölümü baş verən tibb mərkəzinin direktoru danışdı
Gəncədə 32 yaşlı ana doğuş zamanı ölüb. Hadisə dünən Gəncə Regional Perinatal Mərkəzdə baş verib. Gəncə şəhər sakini, 1981-ci il təvəllüdlü 3 qız anası olan Ricai Fərqanə İsmət qızı doğuş üçün Mərkəzə gətirilib və ananın vəziyyəti qəflətən pisləşib.
Səhiyyə Nazirliyi də faktla bağlı məlumat yayıb. APA Tv-nin məlumatına görə, bildirilib ki, bu, 32 yaşlı ananın 5-ci hamiləliyi, 3-cü doğuşu olub. Hazırda hadisə ilə bağlı iş tibbi ekspertizaya verilib. Müvafiq araşdırmanın aparılması üçün ananın meyitinin təşrih edilməsinə qadının yaxınları kəskin etiraz etsələr də, sonradan razılıq verilib. Meyit Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsi tərəfindən araşdırıldıqdan sonra ölümün səbəbləri məlum olacaq.
Məsələ ilə bağlı son qərar Səhiyyə Nazirliyi yanında yaradılmış Doğuşayardım Komissiyası tərəfindən veriləcək. Doğuşayardım Komissiyası tərəfindən ciddi şəkildə araşdırılacaq ki, bu hadisə həkimlərin səhvi nəticəsində baş verib, yoxsa doğrudan da xəstənin səhhətində hansısa problemlər olub. Artıq məsələnin komissiyada araşdırılmasına başlanıb və bütün faktlar öyrənilir. Ana və uşaq ölümünün səbəbi lazımi səviyyədə öyrənilib araşdırıldıqdan sonra Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyası tərəfindən müvafiq qərar veriləcək.