Qambiya özünü İslam respublikası elan etdi

Qambiya prezidenti Yəhya Camme bəyan edib ki, ölkəsi bundan sonra İslam respublikasıdır. APA TV xəbər verir ki, məlumat dövlət başçısının saytında yerləşdirilib.

 

1965-ci ilədək Britaniya müstəmləkəsi olan Qambiyada 1,9 milyonluq əhalinin 90 faizi İslam dininə sitayiş edir. Ölkə əhalisinin 9 faizi xristian, 1 faizi isə ənənəvi dinlərin nümayəndəsidir.

 

Prezidentin sözlərinə görə, Qambiyanın İslam ölkəsi elan edilməsi barədə qərar müzakirə mövzusu deyil. Amma ölkə vətəndaşlarına istənilən dinə etiqad etmək qadağası qoyulmur.

 

"Bu gündən Qambiya İslam ölkəsidir. Biz vətəndaşların hüquqlarına hörmət edən İslam dövləti olacağıq", - prezidentin bəyanatında deyilir.

 

Qeyd edək ki, hazırda dünyada dörd islam respublikası var: İran, Pakistan, Əfqanıstan və Mavritaniya.

 

Xatırladaq ki, Qambiya prezidenti Yəhya Camme bu ilin mayında verdiyi bəyanatla da gündəmə gəlmişdi. O bildirmişdi ki, seksual azlıqların nümayəndələrinin boğazını şəxsən üzəcək. Özünü "Şeyx-professor" adlandıran Qambiya prezidenti homoseksuallığa qarşı barışmaz mövqedədir.

 

49 yaşlı Yəhya Camme yoxsul Qərbi Afrika ölkəsinə 20 ildən çoxdur rəhbərlik edir. Qərbdə onu qəddar diktator hesab edirlər. Ötən il ABŞ və Avropa Birliyi insan hüquqlarının pozulduğunu əsas gətirərək, Qambiyaya maliyyə yardımını dayandırıblar.

Müəllif | Apa.Tv
Apa.tv