Qəddafinin oğlu qaçırıldı

Liviyanın keçmiş lideri, mərhum Müəmmər Qəddafinin oğlu Hannibal Qəddafi Livanın Beyrut şəhərində qaçırılıb.

 

APA TV-nin xarici mətbuata istinadən verdiyi məlumata görə, bir qrup silahlı şəxs dekabrın 11-də 40 yaşlı Qəddafiyə hücub edib.

 

2012-ci ildən Omanda yaşayan Hannibal Qəddafi Livana həyat yoldaşını ziyarət etmək üçün gedib. Sabiq Liviya liderinin oğlu Beyrutda Livan şiə hərəkatının üzvləri tərəfindən ələ keçirilib.

 

Gecə saatlarında Livanın ictimai televiziyası Hannibal Qəddafinin videosunu yayıb. O, hər şeyin qaydasında olduğunu desə də, döyüldüyü hiss olunur. Hannibal Qəddafi televiziya müraciətində Livan şiələrinin ruhani liderlərindən olan İmam Musa Sədrin yeri haqda məlumatı olanlardan bu barədə xəbər vermələrini xahiş edir. Musa Sədr 1978-ci ildə iki müşayiətçi şəxslə birlikdə yoxa çıxıb.

 

"Associated Press" agentliyinin məlumatına görə, Hannibal Qəddafini Livan hüquq-mühafizə orqanlarının əməkdaşları azad ediblər. Təhlükəsizlik xidmətinin əməkdaşları onu azad etdikdən sonra paytaxta gətiriblər. Hannibal Qəddafini Beyrutun 80 kilometrliyində yerləşən Baalbek şəhərində saxlayırlarmış. Hazırda sabiq Liviya liderinin oğlunu qaçıranların hansı silahlı qruplaşmaya aid olduğu dəqiqləşdirilir. Hannibal Qəddafinin hansı şəraitdə və hansı yolla azad edildiyi açıqlanmır.

 

Qeyd edək ki, Liviyanın keçmiş lideri Müəmmər Qəddafi 2011-ci ilin oktyabrında üsyançılar tərəfindən öldürülüb. Həmin ilin avqustunda onun dul arvadı, eləcə də bir qızı və Hannibal da daxil olmaqla iki oğlu Əlcəzairə qaçıb, daha sonra Omandan sığınacaq alıb.

Müəllif | Apa.Tv
Apa.tv