Həkimin "soyun" dediyi 85 yaşlı xəstə 5 ildən sonra onu öldürdü - KURYOZ
Tatarıstanın tanınmış həkimlərindən biri xəstə tərəfindən öldürülüb. APA TV-nin Vesti.az-a istinadən məlumatına görə, yaşlı təqaüdçü cərrah Andrey Jeleznyovu onun müayinə otağında üzərində gizlətdiyi lüləsi kəsilmiş tüfənglə vurub.
Hadisənin əvvəlcədən planlaşdırıldığı ehtimal edilir. 85 yaşlı Mizbax Saxabuddinov həkimi kürəyindən güllələyib.
Mizbax Saxabuddinov rus dilində bilmədiyi üçün müstəntiqlərlə tərcüməçi vasitəsilə danışır. O bildirib ki, 5 il əvvəl cərrahın qəbulunda olduğu zaman onların arasında mübahisə yaranıb. Həkimin ondan paltarlarını soyunmasını istəməsi qocanın xoşuna gəlməyib. Bundan sonra cərrah onu müayinə etməkdən imtina edib.
85 yaşlı qoca evə gedib və bu illər ərzində kustar üsulla silah düzəldərək Andrey Jeleznyovu öldürmək üçün plan hazırlayıb. Xəstəxanaya gələn təqaüdçü həkimi gözləməyə başlayıb və onu dəhlizdə digər pasiyentlərin gözləri qarşısında öldürüb.
Yaralı dərhal cərrahiyə otağına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Andrey Jeleznyov qətlə yetirildiyi xəstəxanada 10 ildən çoxdur fəaliyyət göstərib və onun minlərlə pasiyentinin olduğu bildirilir. Onun öldürülməsi kollektivdə şok effekti yaradıb.
85 yaşlı qatil tutulub, onun psixi cəhətdən sağlam olub-olmadığı araşdırılır.