Allahşükür Paşazadə Heydər məscidində ilk dəfə xütbə oxudu

Bu gün Bakıdakı Heydər Məscidində Heydər Əliyevin vəfatının növbəti ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

 

APA TV-nin xəbərinə görə, mərasim zamanı Heydər məscidində ilk dəfə olaraq camaat namazı qılınıb, Heydər Əliyevin ruhuna dualar oxunub.

 

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Heydər məscidində ilk dəfə xütbə oxuyub. O, bütün şəhidlərə Allahdan rəhmət diləyib. Bildirib ki, bundan sonra tanınmış dindarlar Heydər məscidində xütbə oxuyacaqlar. A.Paşazadə qeyd edib ki, Yaxın Şərq regionunda Heydər məscidi qədər əzəmətli məscid yoxdur.

 

Daha sonra Heydər Əliyevlə bağlı xatirələrini bölüşən Şeyxülislam deyib ki, Heydər Əliyevlə ilk dəfə 80-ci illərin ortalarında görüşməyə nail olub: “O vaxt bizim görüşümüz haqda “Kommunist” qəzetində yazı verilmişdi. O dövr üçün bu, imkansız olsa da, Heydər Əliyev məni qəbul etdi. Biz Heydər Əliyevlə Məkkədə olarkən mənə dedi ki, hər zaman buranı ziyarət etmək arzusunda olub. Azərbaycan 90-cı illərdə dağılmaq üzrə idi. Heydər Əliyev Azərbaycan dövlətçiliyinin bünövrəsini qoydu. Onun yaratdığı dövlət bu gün dünyada tanınır. Allah Heydər Əliyevə rəhmət eləsin!”

 

A.Paşazadə “Günəşli” platformasında həyatını itirən vətəndaşlara da rəhmət diləyib.

 

Bundan sonra Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar ehsan verilib. Ehsan mərasimində din xadimləri, millət vəkilləri və başqa şəxslər iştirak ediblər. Mərasimdə çıxış edən A.Paşazadə bildirib ki, Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar 1, 2 və 3 saylı uşaq evlərinə, habelə Eşitmə qabiliyyəti pozulmuş uşaqların Respublika ixtisaslaşdırılmış körpələr evi - uşaq bağçasına ehsan göndərilib.

 

Sonra Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov Heydər Əliyevin keçdiyi həyat yolu haqda danışıb. Bildirib ki, Heydər Əliyevin qətiyyətli siyasəti nəticəsində Azərbaycan qüdrətli bir dövlətə çevrilib. Millət vəkili əlavə edib ki, Heydər Əliyev müstəqil Azərbaycanın yaradıcısı, müstəqil Azərbaycan dövlətinin banisidir: “Bu gün Azərbaycan xalqı bu kədərli günü qeyd edir. Heydər Əliyevi sevənlər bu gün onun məzarını ziyarət edirlər”.

 

Sonra Heydər Əliyevin və Qarabağ şəhidlərinin ruhuna dualar oxunub.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı