Masallıda telefon kabellərini oğurlayan şəxs tutuldu

Masallıda telefon kabellərinin oğurluğu ilə məşğul olan rayon sakini tutulub. Bu barədə APA TV-nin cənub bürosuna Masallı Rayon Polis Şöbəsinin (RPŞ) istintaq bölməsinin rəisi, polis mayoru Elçin Fərəcov məlumat verib.

 

Onun sözlərinə görə, “Aztelekom” MMC-nin Masallı Rayon Telekommunikasiya Qovşağının rəhbərliyi ərizə ilə polis şöbəsinə müraciət edərək, ayrı-ayrı vaxtlarda rayonun ərazilərində naməlum şəxs və ya şəxslər tərəfindən telefon kabellərinin kəsilərək oğurlandığını və bununla qovşağa xeyli maddi ziyan vurulduğunu bildirib.

 

RPŞ-nin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində sözügedən oğurluq hadisəsini törətməkdə şübhəli bilinən rayonun Təzə Alvadı kənd sakini, 1968-ci il təvəllüdlü İlqar Salam oğlu Mustafayev yaxalanaraq istintaq orqanlarına təhvil verilib. İstintaqa verdiyi ifadəsində əməlini etiraf edən İ.Mustafayev dekabrın 6-da rayonun Əhmədli kəndi ərazisindən 190, Kosakül kəndi ərazisindən isə 370 metr kabel oğurladığını bildirib: "Ehtiyacım olduğundan, oğurlayıb aparıb təhvil vermişəm və elədiyim hərəkətlərə görə çox peşmanam".

 

Masallı RPŞ-nin bölmə rəisi Elçin Fərəcov isə deyib ki, İlqar Mustafayev oğurladığı kabellərin içərisindən mis naqilləri çıxararaq, əlvan metalların qəbulu məntəqələrinə satıb. Onun hal-hazırda başqa cinayətlərdə əlinin olub-olmaması araşdırılır.

 

Faktla bağlı Masallı RPŞ-də Cinayət Məcəlləsinin 177.2.2 maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

 

 

Müəllif | Apa.Tv