Nardaranda quruculuq işləri davam edir - ƏN SON GÖRÜNTÜLƏR

Prezident İlham Əliyevin imzaladığı sərəncam əsasında Sabunçu rayonunun Nardaran qəsəbəsinin abadlaşdırılması, sosial-mədəni infrastrukturun yenilənməsi, həmçinin sosial problemlərinin həlli məqsədilə dövlət büdcəsindən 12 milyon manat məbləğində vəsait ayrılıb. Hazırda sözü gedən sərəncamın icrası məqsədilə qəsəbədə genişmiqyaslı işlərə başlanılıb. Görüləcək tədbirlərə qəsəbə ərazisində bir sıra sosial-inzibati binaların inşası da daxildir.  Hazırda Nardaranda yeni polis bölməsinin inzibati binasının inşası davam edir.

 

"Nardaran qəsəbəsinin "İmam Hüseyn" meydanında burada yerləşəcək polis bölməsi üçün yeni inzibati binanın inşası tam sürətlə davam etdirilir. Fəhlələr işlərin yaxın vaxtlarda, yüksək keyfiyyətlə başa çatdırılacağını bildirirlər".

 

Qəsəbənin yolları da diqqətdən kənarda qalmayıb. "Azəryolservis" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Abşeron və Nəsrulla Cəfərov küçələrində yollar təmir olunur və yeni asfalt örtüyü çəkilir. “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli iki küçənin uzunluğunun 3 kilometrə yaxın olduğunu deyir:

 

"Ümumilikdə, qeyd edim ki, bu iki küçənin uzunluğu təqribən 3 kilometrə yaxındır. Burada küçələrin biri 18, digəri isə 16 metr genişləndiriləcək. Hazırda genişləndiriləcək sahəyə düşən obyekt və yaşayış sahələrinin sökülməsi işləri aparılır. Bundan sonra həmin küçə tam müasir görkəm alacaq. Bundan başqa yollarda işıqlandırma sistemi də yeniləcək".

 

Qurum rəsmisi təmir olunan yolların hərəkət hissəsinə düşən kommunikasiya xətlərinin də köçürüləcəyini bildirib.

 

Qəsəbədəki inzibati və yaşayış binalarının yanğından effektiv mühafizəsi, baş verə biləcək fövqəladə hallar zamanı vaxtında və çevik müdaxilənin təmin edilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti Yanğınsöndürmə Hissəsi üçün yeni bina inşa olunur.

 

"Binaya üç ədəd yanğınsöndürmə avtomobili də ayrılacaq. Həmçinin, binada 18 metr hündürlüyündə müşahidə qülləsinin inşası da nəzərdə tutulub".

 

Bununla yanaşı, qəsəbənin elektrik enerjisi ilə fasiləsiz təmin edilməsi məqsədilə, mövcud işıq xətlərinin yenilənməsi məqsədilə yeni işıq dirəkləri quraşdırılır. Qəsəbə sakinləri görülən işləri birmənalı olaraq dəstəklədiklərini bəyan edirlər. 

Müəllif | Apa.Tv
Apa.tv