Bakıda dayı bacısı oğlunu niyə öldürüb? - TƏFƏRRÜAT
Bakıda dayının bacısı oğlunu qətlə yetirməsinin təfərrüatı məlum olub. APA TV-nin məlumatına görə, hadisə Qaradağ rayonunun Lökbatan qəsəbəsində qeydə alınıb.
Cavanşir Qəhrəmanov küçəsindəki fərdi yaşayış evlərinin birində qəsəbə sakini Vahid Novruzov aralarında yaranmış münaqişə zəminində bacısı oğlu, 21 yaşlı Zaur Novruzovu bıçaqlayaraq qətlə yetirib.
Əməkdaşlarımız qətlin baş verdiyi evdə olublar. Əldə etdiyimiz məlumata görə, hadisəyə qətlə yetirilən Zaur Novruzovun anası, 41 yaşlı Təranə Hüseynova ilə dayısı Vahid Novruzov arasında mübahisə səbəb olub. Zaur Novruzov anası ilə dayısının davasına müdaxilə edib. Vahid Novruzov bacısı oğlunun bud nahiyəsinə 1 bıçaq zərbəsi endirib. Yaralı gənc təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılsa da, yolda dünyasını dəyişib.
Faktla bağlı əraziyə Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin əməkdaşları cəlb olunub. Hadisəni törədən Vahid Novruzov saxlanılıb.
Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.