Oğrunun üstündən narkotik tapıldı

Abşeron Rayon Polis İdarəsinin əməliyyatçıları rayon ərazisində Sumqayıt şəhərinin Corat qəsəbə sakini Elşən Talıbovu şübhəli şəxs qismində saxlayıb.

 

APA TV-nin xəbərinə görə, idarədə onun üzərinə baxış zamanı narkotik maddə olan marixuana aşkar olunaraq götürülüb.

 

39 yaşlı Elşən daha öncə 14 il müddətinə azadlıqdan məhrum edildiyini deyib. O, 2014-cü il dekabrın 30-da azadlığa çıxıb. Uzun müddətdir ki, narkotik istifadəçisi olduğunu bildirən Elşən bu dəfə də "ağ ölüm"ə tamah salıb: "Əvvəllər iki dəfə məhkum olunmuşam. Bu, üçüncü dəfədir. Narkotik istifadəçisiyəm. Haradasa 5-6 ildir. 10 manat pulum var idi. Getdim bir dənə "set" aldım".

 

İdarədə aparılan istintaq zamanı məlum olub ki, Elşənin cinayət əməlləri bununla bitmir. Belə ki, o, işlədiyi yerdən tikinti materiallarını da oğurlayıb: "İşlədiyim yerdən bir dənə drel götürmüşəm, bir dənə də laqonda. Laqonda özümünkü idi. İşlədib qaytarardım. Ya da nəyəsə lazım idi deyə götürdüm".

 

İndi 11 ay 16 gündən sonra Elşənin yolu yenə həbsxanaya düşəcək.

 

Hər iki faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv