Ən gənc sakini 80 yaşında olan kəndin “cavan qızları” - REPORTAJ

Quba Azərbaycanın azsaylı xalqlarının sıx yaşadığı rayonlardan biridir. Ləzgi kəndi olan Dağ Qımıla. Deyirlər bu kəndin ən gənc sakininin 80 yaşı var. Niyə belə dedim? Səbirli olun, biləcəksinİz.

 

Başlayaq ondan ki, kimin qonağıyıq. Yarızarafat, yarıciddi ona həm də kəndin ağsaqqallarından biri deyirlər. Rəhilə nənəyə. Kimə yaxınlaşdıqsa onun qapısını göstərdi. Nəhayət öyrəndim ki, Rəhilə nənə zamanında Qımıl Kənd sovetliyinə daxil olan 14 kəndə rəhbərlik edib. Sovxoz direktoru olub. Bir sözlə, günü at belində keçib. İki rəfiqəsini də təqdim etdi bizə. Gülcahan və Marusa nənəni. Və qayıtdı ki, "Gülcahan hamımızdan böyükdü can, amma yaşını boynuna almır. Ömür boyu dava eləmişik ki, qız nollub, bu gün sabahlığıq, sən boynuna almırsan". Hamılıqla “Allah eləməsin” dedik. Yavaşca mənə pıçıldadı ki, hələ bir yaşını soruş. Soruşdum.

 

Belə yüksək əhvalda başlayan söhbətin sonrası da maraqlı oldu. Rəhilə nənədən soruşdum ki, rəfiqələrin kim olub. Dedi, biri rayonun da, kəndin də ilk tibb bacısıdır, o biri yaxşı xalçalar toxuyub zamanında. Qubanın ilk xalçaçılarındandır.

 

Rəhilə nənə 1944-cü ildə Dağ Qımıl kənd orta məktəbini əla qiymətlərlə bitirib.

 

Sonra Quba Kənd Təsərrüfatı texnikumuna qəbul olub. Müəllimlərin sevimlisi olub yaxşı oxuduğu üçün.

 

Rəhilə nənə deyir ki, bu qədər vəzifələrdə olmuşam, ömrüm at vbelində keçib, amma öz həyat yoldaşım kimi insan, kişi görmədim. İndi də yadıma düşəndə kövrəlirəm.

 

“Yaxşı ömür sürmüşəm, Bakıya da gəlirdim o vaxtlar” deyir. Həm də tez-tez.

 

Rəhilə nənə deyir ki, hərdən söhbət etməyə adam axtarır. Çaşıb üzünə baxdığımı görən kimi dedi ki, incimə bala, mən danışan dil ayrı dildi.

Yaşıdlarımı deyirəm onlarla danışmaq, çalışdığım dostlarımı görmək istəyirəm. Sonra nə fikirləşdisə bir az  Quba, bir az da ləzgi şivəsində "can, dertli şeyleri yada salmiyax gəl. Şükür bunlar var" deyib Gülcahan və Marusa nənəni göstərdi.

 

Yaşını boynuna almayan Gülcahan nənə deyir ki, o zamanlar qadınların işləməsi çətin idi. Onlara evdə də münasibət qəribə imiş. Amma biz işləyirdik. Həm də ürəklə. Xalçamızı toxuyub pulumuzu alırdıq.

 

Qubanın ilk tibb bacısı Marusa nənə isə deyir ki, hər günümüzün qədrini bilək. Onlar görəni görməmək üçün. “İndi taqaüdümü alıb əlim cibimdə gəzib, yaşayıram” deyir.

 

Sovxoz direktoru, tibb bacısı və xalçaçı...Qubanın adlı-sanlı xanımları.

İllərin sınağından keçən rəfiqələr. İlk dəfə bu insanlarla söhbətdə əmin oldum ki, insan cismən yox, ruhəm qocalanda maraqsız və dəyərsiz olar. Bu üçlüyün ruhu hələ cavandır. Sağollaşanda "qoca gənclər" deməyimə də ürəkdən güldülər bu üzdən.

 

Jalə Mütəllimova 

Müəllif | Apa.Tv