Biləcəridə "Shacman" yaşayış evinə girdi

Bakının Binəqədi rayonu ərazisində "Shacman" markalı yük maşını aşıb. APA TV-nin məlumatına görə, hadisə Biləcəri qəsəbəsinin Rəşid İsmayılov küçəsində baş verib.

 

Yük avtomobilinin sürücüsü Kənan Süleymanlı döngədə idarəetməni itirib və içi betonla dolu maşını aşırıb. Aşan maşın yol kənarındakı yaşayış evinə və təmir sexinin divarına çırpılıb.

 

Sürücü deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb ediliblər.

 

Yanğınsöndürənlər və xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarıblar və təcili tibbi yardım briqadasına təhvil veriblər. Yaralı sürücüyə hadisə yerində ilkin tibbi yardım göstərilib.

 

Qəza nəticəsində yol kənarındakı evlərə, təmir sexinə ziyan dəyib, sexdə olan avtomobillərdən biri isə əzilib.

 

Faktla bağlı araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Apa.tv