Diyarbəkirdə HDP-nin qanunsuz aksiyası dağıdıldı: 2 ölü

Türkiyənin Diyarbəkir vilayətində Xalqların Demokratik Partiyasının (HDP) keçirməyə cəhd etdiyi qanunsuz aksiya qanlı sonluqla bitib.

 

APA TV-nin məlumatına görə, Diyarbəkirin Sur qəsəbəsində küçəyə çıxmaq qadağasına etiraz edən HDP-nin keçirmək istədiyi yürüş ərəfəsində qarşıdurma yaranıb.

 

HDP tərəfdarları qəsəbədə barrikadalar qurub, xəndəklər qazıblar. Diyarbəkir valiliyi aksiyanın qanunsuz olduğunu elan edib və əhalini qanunsuz çağırışlara uymamağa çağırıb.

 

Yürüşün keçiriləcəyi ərazi zirehli hərbi avtomobillərlə bağlanıb. Müxtəlif istiqamətlərdən yürüşə cəhd edənlərə qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edilib. Polis yaşlıları və əlilləri ərazidən uzaqlaşdıraraq, təhlükəsiz bölgəyə təxliyə edib.

 

Aksiya iştirakçıları isə ara küçələrə qaçaraq tonqal qalayıb, avtomobillərin hərəkətinə mane olmağa başlayıb.

 

Nümayişçilərlə polis arasındakı toqquşmalar zamanı iki nəfər ölüb, daha iki nəfər isə yaralanıb. Ölənlərdən birinin 21, digərinin isə 18 yaşı var.

Müəllif | Apa.Tv
Apa.tv