Terrorizmə qarşı yeni alyans quruldu: 34 müsəlman ölkəsi birləşdi
Səudiyyə Ərəbistanı 34 ölkənin iştirakı ilə terrorizmə qarşı İslam koalisiyasının yaradıldığını bəyan edib.
APA TV-nin Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə “Arabia TV” telekanalı xəbər verib.
Koalisiyaya Səudiyyə Ərəbistanı, Türkiyə, Pakistan, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, Fələstin, Qətər, Bəhreyn, Küveyt, Livan, Malayziya, Yəmən, Maldiv adaları, Misir və Afrikanın digər müsəlman ölkələri qatılıblar.
Hərbi alyansın qərargahı Ər-Riyadda yerləşəcək. “Koalisiya fəaliyyətini böyük dövlətlər və beynəlxalq təşkilatlarla əlaqələndirəcək. Antiterror koalisiyasının hədəfində yalnız İŞİD deyil, digər terror qruplaşmaları da olacaq ”, - deyə Səudiyyə Ərəbistanının müdafiə naziri Məhəmməd bin-Salman bildirib.
Qeyd edək ki, ABŞ-ın rəhbərliyi altındakı beynəlxalq koalisiyaya 65 ölkə daxildir.