Yəməndə şiə üsyançıları bir neçə Səudiyyə gəmisini sıradan çıxardı
Yəməndə bu gün yerli vaxtla səhər saat 9-dan etibarən növbəti atəşkəs qüvvəyə minib. APA TV-nin "Euronews"a istinadən məlumatına görə, bu gün İsveçrədə BMT-nin iştirakı ilə husi birliklərinin nümayəndələri və Yəmən prezidenti Hadinin tərəfdarları arasında sülh danışıqları da başlayır.
Buna baxmayaraq Yəməndə döyüşlərin davam etdiyi bildirilir. Husi birliklərinin raket zərbələri ilə Səudiyyə Ərəbistanına məxsus bir neçə hərbi gəmisini sıradan çıxardıqları bildirilir.
Xatırladaq ki, Yəməndəki şiə-husi üsyançılarına qarşı mübarizə aparan ərəb koalisiyasına məhz Səudiyyə krallığı başçılıq edir. Üsyançıların hərbi qərargahından bildirilib ki, onlar raket zərbələrini cavab atəşi olaraq endiriblər. Onlar ilk olaraq Ədən körfəzindən gəmilərdən atəşə tutulduqlarını iddia edirlər.
Husilərin raket zərbələri nəticəsində Səudiyyə Ərəbistanının və Birləşmiş Ərəb Əmirliklərinin bir neçə yüksək çinli zabitlərinin öldürüldüyü deyilir.