ABŞ-da seçki sorğusu: müsəlmanları ölkəyə buraxmaq istəməyən Tramp öndədir
ABŞ-da gələn il baş tutacaq prezident seçkiləri ilə əlaqədar Monmuta Universitetinin keçirdiyi sorğunun nəticələrinə əsasən, milyarder Donald Trampın reytinqi rekord həddə çatıb.
APA TV-nin Vesti.ru-ya istinadən xəbərinə görə, rəyi soruşulanların 41 faizi onu dəstəkləməyə hazır olduqlarını bildiriblər. Nəticələrə görə, Tramp Respublikaçılar Partiyasının prezidentliyə namizəd olmaq istəyən üzvləri arasındakı liderlik mövqeyini daha da möhkəmləndirib.
Sorğuya əsasən, Texas Ştatından olan senator Ted Kruz ikinci, Floridalı senator Marko Rubio isə üçüncü yerdə qərarlaşıb. Cərrah Ben Karson isə hələlik 4-cü yerdədir.
Siyahıda ən sonuncu isə 3 faiz reytinqlə Florida ştatının sabiq qubernatoru Ceb Buşdur. Son aylarda səs-küylü qalmaqalların qəhrəmanına çevrilməsinə baxmayaraq, Trampın reytinqi artmaqda davam edir.
Xatırladaq ki, ötən həftə seçki kampaniyası çərçivəsindəki çıxışında o, müsəlmanların ABŞ ərazisinə daxil olmasına qadağa qoyulmasını təklif edib. Bunun ardınca Ağ Ev onun seçki kampaniyasından kənarlaşdırılması çağırışı ilə çıxış edib. Ətrafında yaşanan qalmaqallar da Donald Trampın populyarlığına heç bir təsir göstərmir.