Məşhur futbolçu Maşallah Əhmədov tutuldu
Azərbaycanın məşhur futbolçusu Maşallah Əhmədov saxlanılıb.
Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, M.Əhmədov dələduzluqda təqsirləndirilir. Onunla bağlı idarəyə şikayət daxil olub və daxil olan şikayət əsasında polis araşdırmalara başlayıb.
Xatırladaq ki, Maşallah Əhmədov Azərbaycan Regional Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidentidir.
Veteran futbolçuya qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb. O, 192 min manatlıq dələduzluqda ittiham olunur.
Bu il dekabrın 14-də isə Binəqədi polisinə M.Əhmədovla bağlı daha bir şikayət daxil olub. Bakı şəhər sakini Yusif Əzizov şikayət ərizəsində M.Əhmədovun ondan 105 min manat dəyərində mərmər daşı götürdüyünü, pulunu ödəmədiyini qeyd edib. M.Əhmədov həmçinin Y.Əzizovdan oğlunu işə düzəltmək adı ilə 15 min manat alıb və vədinə əməl etməyib.
M.Əhmədovla bağlı polisə daxil olan ikinci şikayət də birinci şikayət əsasında başlanmış cinayət işinə əlavə edilib və hazırda istintaq tədbirləri davam etdirilir.