Azərbaycanda 200 vəzifəli şəxsin işi məhkəməyə göndərilib
2013-cü ilin 9 ayı ərzində Azərbayncanın Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən 200-dən artıq vəzifəli şəxs barəsində 138 cinayət işinin istintaqı yekunlaşdırılaraq məhkəmələrə göndərilib. APA TV xəbər verir ki, bunu idarənin rəisi Kamran Əliyev dövlət televiziyasının canlı efirində bildirib. Bütövlükdə 2012-ci ildə isə blə cinayət işlərinin sayı cəmi 142 olub. Kamran Əliyevin sözlərinə görə, ilbəil Azərbaycanda aşkarlanan korrupsiya cinayətlərinin və məsuliyyətə cəlb edilən şəxslərin sayı artır. İdarə rəisi bunu 2011-ci ildə Korrupsiyaya qarşı Mübarizə İdarəsinin işinin təkmilləşdirilməsi ilə əlaqələndirir. Belə ki, artıq idarəyə gizli əməliyyat tədbirlərinin aparılması səlahiyyəti verilib və bu, cinayət faktlarının üstünün açılmasına yardım edir. Kamran Əliyev məlumat verib ki, bu il korrupsiya cinayətlərinə görə həbs edilənlər arasında müxtəlif səviyyəli vəzifəli şəxslər var.
Kamran Əliyev onu da deyib ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə tədbirləri daha da gücləndiriləcək.
Kamran Əliyev onu da deyib ki, Korrupsiyaya qarşı Mübarizə İdarəsi qanunvericilikdə dəyişikliklərin edilməsi ilə bağlı təkliflər hazırlayır. Bunlardan biri imtiyazlı şəxslərin imtiyazlarının aradan qaldırılması ilə bağlıdır. İmtiyazlı şəxslərin cinayət faktlarını gizlətmək üçün imtiyazlarından sui-istifadə hallarının qarşısının alınması üçün bu dəyişikliyin edilməsi labüd hesab edilir və təkliflər qabaqcıl beynəlxalq təcrübə öyrənilməklə hazırlanır.
Digər təklif istintaq sövdələşmələrinin leqallaşdırılması ilə bağlıdır. Belə ki, istintaq orqanı daha böyük korrupsiya cinayətlərinin üstünün açılması, daha yüksək vəzifəli şəxslərin və ya cinayət şəbəkəsinin ifşa edilməsi üçün saxlanılan şəxslərə əməkdaşlıq təklif edə bilər. İstintaq orqanı saxlanılan şəxslə müqavilə bağlayır və ona istintaqa kömək edəcəyi təqdirdə məsuliyyətinin yüngülləşdirilməsi təklif edilir.
Kamran Əliyev bildirib ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində əldə olunan nailiyyətlər beynəlxalq təşkilatların hesabatlarına da təsir edir. İdarə rəisi xatırladıb ki, Beynəlxalq Şəffaflıq təşkilatının keçirdiyi son sorğu da bunu göstərir.
Kamran Əliyev deyib ki, korrupsiyaya qarşı mübarizə tədbirlərinin həm də profilaktik əhəmiyyəti var və vətəndaşların vəziyyətinin yaxşılaşdırılmasına yönəlib.