Azərbaycan ABŞ-a nota verdi

Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanı Xarici İşlər Nazirliyinə (XİN) dəvət edərək, ona etiraz notasını təqdim edib.

 

XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, notada ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlikin 9 dekabr 2015-ci il tarixində Vaşinqtonda Ermənistanın ABŞ-dakı səfirliyi, erməni lobbi təşkilatları və Konqresdə Ermənistan üzrə İşçi Qrupun təşkil etdiyi “Artsaxın müstəqilliyinin ildönümü” başlıqlı qurama tədbirə qatılması və tədbir çərçivəsində özünü Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan tərəfindən yaradılmış  qondarma rejimin “xarici işlər naziri” kimi təqdim edən Karen Mirzoyanla görüşünə etiraz bildirilir.

 

Notada ABŞ ərazisində qondarma rejimin “təmsilçi”lərinin ictimai kampaniyalar və digər fəaliyyətlərə qoşulmasına şərait yaradılmasının Ermənistan-Azərbaycan münaqişəsi üzrə danışıqlar prosesinin irəlilədilməsinə yardım etmədiyi, əksinə, onsuz da mürəkkəb olan prosesin daha da gərginləşdirilməsinə xidmət etdiyinin dəfələrlə ABŞ Dövlət Departamentinin diqqətinə çatdırıldığı vurğulanır.

 

Səfir Robert Sekuta Azərbaycanın narahatlıq və narazılığının ifadə olunduğu notanın Dövlət Departamentinə təqdim olunacağını bildirib.

Müəllif | Apa.Tv
Apa.tv