Mingəçevirdə körpəsini başqa qadına verərək qaçan ana tapıldı
Mingəçevir şəhərində körpə qız övladını parkda müvəqqəti saxlamaq bəhanəsi ilə tanımadığı adama verərək qaçan qadının kimliyi məlum olub.
APA TV-nin yerli bürosunun xəbərinə görə, Mingəçevir şəhərinin Nizami küçəsi 5, mənzil 37 ünvanında müvəqqəti məskunlaşan 1975-ci il təvəllüdlü Bağırova Xuraman Abbas qızı Mingəçevir Uşaq Nevroloji Sanatoriyasına gedərək azyaşlı uşağını oradan götürüb. Məlumata görə, Xuraman Bağırova yaşamağa evi olmadığı üçün uşağını özü ilə saxlaya bilmir.
Sanatoriyadan APA TV-yə bildiriblər ki, Xuraman Bağırova adlı şəxs onlara müraciət edərək, 20 gün öncə Bakıya müalicə olunmağa gedərkən bir qadına verdiyi uşağını istəyib. O, uşağının adını Yağmur Bağırova olduğunu bildirib. Sənədlə dəqiqləşdirilmə aparıldıqdan sonra uşaq anasına verilib. Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, Xuraman Bağırova 20 gün öncə azyaşlı uşağını parkda şəhər sakini Binnətova Gülbahar Novruz qızına müvəqqəti saxlamaq bəhanəsi ilə verərək qaçıb. Həmin qadın iki yaşlı qızı bir-iki saat ərzində saxlayıb və anasının qayıtmadığını görüb, uşağı Mingəçevir şəhər Polis Şöbəsinə təhvil verib. Polis əməkdaşları isə Mingəçevir Şəhər İcra Hakimiyyətinin nümayəndələri ilə birgə uşağı Mingəçevir Uşaq Nevroloji Sanatoriyasına yerləşdiriblər.
Təxminən 2 yaşı olan bu uşağın sənədi olmadığına görə onun adı, soyadı, valideynlərinin kimliyi və yaşı da məlum deyildi.