"Günəşli"dəki bir quyuda yanğın tam söndürüldü

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Günəşli"  yatağındakı 10 saylı dərin özüllündəki baş verən yanğın bir quyuda tam söndürülüb.

 

SOCAR-dan APA TV-yə verilən məlumata görə, quyunun təhlükəsizliyi üçün lazım gələn bütün önləyici tədbirlər görülüb. Qeyd olunub ki, söndürülən quyu neft quyusudur. Quyudan dənizə neftin dağılması təhlükəsinin qarşısı tamamilə alınıb.

 

Qeyd edək ki, yanğın üç quyuda baş vermişdi, onlardan biri neft quyusu, digərləri qaz quyusudur. Hazırda yanğınsöndürmə tədbirləri davam etdirilir.

 

Xatırladaq ki, dekabrın 4-də SOCAR-ın “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə güclü yanğın baş verib. Hadisə baş verən zaman özüldə 63 nəfər olub. Yanğın nəticəsində 1 nəfər həlak olub, 29 nəfər itkin düşüb. İtkin düşənlərdən 6-nın meyiti   tapılaraq sudan çıxarılıb, 23 nəfərin axtarışı davam edir.

 

Müəllif | Apa.Tv
Apa.tv