Bakıda qəzaya uğrayan "Nissan" dərəyə aşdı

Bakının Nizami  rayonunda qəza baş verib. APA TV-nin məlumatına görə, hadisə Babək prospektində qeydə alınıb.

 

Qəza zamanı "Nissan" və "BMW" markalı iki avtomobil toqquşub. Zərbənin təsirindən "Nissan" yoldan çıxaraq dərəyə aşıb. Avtomobil yaxınlıqdakı evin hasarına çırpıldıqdan sonra dura bilib. Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

 

Hadisənin təfərrüatları barədə danışan "BMW"nin sürücüsü Vüsal Saməddin oğlu Cahangirovun dediyinə görə, yolda tıxac olub. Bu zaman "Nissan"ın qarşısında iki avtomobil birdən geri dönüb. Yol açılıb, hərəkət başlayan zaman arxaya fikir verməyən "Nissan"ın sürücüsü də geri dönüş edib: "Bu zaman mən "Nissan"ı vurmamaq üçün əlimdən gələni etsəm də, alınmadı, yan tərəfdən vurdum. Sürücü çaşdı, əyləc yerinə qazı basdı və maşın dərəyə uçdu".

 

Qeyd edək ki, qəzadan sonra yolda tıxac yaranıb. Hadisə yerinə gələn yol polisi sürücülərin sənədlərini alaraq, onlardan Nizami rayon Yol Polisi Şöbəsinə yaxınlaşmalarını tələb edib. Daha sonra əraziyə evakuator çağırılıb. Hər iki avtomobil evakuatorlar vasitəsilə cərimə meydançasına aparılıb.

 

Faktla bağlı Dövlət Yol Polisinin Nizami rayon Şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv