Abşeronda ödəniş terminalını oğurlayan şəxs yaxalandı
Abşeron polisi Qobu qəsəbəsində ödəniş terminalını oğurlamaqda şübhəli bilinən şəxsi tapıb.
APA TV-nin xəbərinə görə, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları Qobu qəsəbəsində fəaliyyət göstərən apteklərdən birinin içindəki ödəniş terminalını oğurlamaqda şübhəli bilinən 18 yaşlı Mehman Əlizadəni saxlayıb.
Polisdən verilən məlumata görə, Mehman ödəmə terminalını yerindən qoparıb sürükləyərək tünlük bir yerə aparıb. Oradan onun terminalın ekranını sındırıb içindəki pulları götürmək cəhdləri boşa çıxıb.
Lökbatan qəsəbəsində avtoyuma məntəqəsində yuyucu işlədiyini deyən Mehman Əlizadə ödəmə terminalını oğurlayan zaman sərxoş olduğunu bildirib: "Gecə idi, içdim. Birdən yadıma düşdü ki, gedim "PAYpoint"i aparım. Getdim, girdim aptekə. Birinci kassaya baxdım. 6 manat pul var idi, onu götürdüm. Sonra ödəmə terminalını sürüyüb çölə çıxardım. Yolun o tərəfində terminalı açmaq istəyəndə alınmadı. Səhərə yaxın yoldan adamlar keçirdi deyə, terminalı oradaca atıb qaçdım gəldim".
Faktla bağlı Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.