ABŞ neft ixracına qoyulan 40 illik qadağanı ləğv edir - KOMPROMİS
ABŞ Konqresində neft ixracına tətbiq edilən embarqonun aradan qaldırılması barəsində razılığa gəlinib.
APA TV-nin "RBC"ya istinadən məlumatına görə, keçirilən müzakirələr zamanı 2016-cı maliyyə ilindəki büdcə xərcləri məsələsində kompromis əldə olunub ki, bunun sayəsində Prezident Administrasiyası işlərin müvəqqəti dayandırılmasının qarşısını alacaq.
Bu qərar həmçinin neftin ixracına tətbiq olunan 40 illik qadağanın aradan qaldırılması baxımından mühüm əhəmiyyət daşıyır. Nümayəndələr Palatasının spikeri Pol Rayan bu qərarın qəbul olunmasını şərh edib. Onun sözlərinə görə, dövlət xərcləri planının təsdiq edilməsi üzrə səsvermənin dekabrın 17-də keçirilməsi nəzərdə tutulub.
Belə ki, bu il bu məqsədlə büdcədən 1,1 trilyon dollar vəsaitin ayrılması nəzərdə tutulub. Müzakirələr nəticəsində Konqres üzvləri ABŞ xam neftinin ixracına 1975-ci ildən tətbiq edilən embarqonun ləğv edilməsinə nail olub.
Qeyd edək ki, sözügedən məsələnin konqresin müzakirəsinə çıxarılması respublikaçı konqresmenlərin təşəbbüsü ilə reallaşıb. Qanunun qəbul olunmasının ləngiməsi isə demokratlarla fikir ayrılığının olması ilə izah edilir.