Dənizdə yanğınsöndürmə əməliyyatının havadan ƏN SON GÖRÜNTÜLƏRİ
“Günəşli” platformasının 10-cu dərin dəniz özülündə yanğının söndürülməsi prosesi davam edir. APA TV növbəti dəfə yanğınsöndürmə əməliyyatı keçirilən özülün havadan görüntülərini çəkməyə müvəffəq olub.
“Aviasiya dəstəsinin rəisinin göstərişinə əsasən, hər gün bizim Aviaparkımızda olan vertolyotlar Xəzər üzərində axtarış işlərini davam etdirir”. Bu fikirləri FHN-nin aviasiya dəstəsinin borttexniki, mayor Etibar Nəzərov deyib.
“Havanın işıqlı vaxtında, yəni gün çıxandan gün batana kimi 4 vertolyot və 1 təyyarəmiz ilə axtarış işlərini davam etdiririk. Xəzəryanı ölkələrdən müvafiq icazələr alınıb. Azərbaycan sərhədlərindən kənarda - Türkmənistan, İran, Rusiya və Qazaxıstan Respublikasına aid olan sularda da bu axtarış işləri aparılır”.
Etibar Nəzərovun sözlərinə görə, aviasiya dəstəsi Fövqəladə Hallar Nazirliyinin bir hissəsi olaraq nəinki ölkə daxilində, eyni zamanda digər dövlətlərdə baş vermiş fövqəladə halların nəticələrinin aradan qaldırılmasında və xilasetmə tədbirlərində yaxından iştirak edib.
Qeyd edək ki, yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Dəniz Administrasiyasının, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin gəmiləri və texnikası cəlb olunub. Bu gün yanğın baş verən quyulardan birində alov tam söndürülüb. Quyudan dənizə neft dağılması təhlükəsinin qarşısı tamamilə alınıb. Digər neft və qaz quyularında yanğının söndürülməsi üçün müvafiq tədbirlər davam etdirilir.