ABŞ dolların uçot dərəcəsini artırdı, neft sürətlə ucuzlaşır

 

ABŞ Federal Ehtiyatlar Sisteminin Açıq bazarda əməliyyatlar komitəsi 2006-cı ildən bəri ilk dəfə uçot dərəcəsini artırıb. Artım 0,25 faiz bəndi təşkil edib.

 

Uçot dərəcəsi 2008-ci ilin dekabrından sonra tarixi minimal səviyyədə 0-0,25 faiz arasında dəyişirdi. Federal Ehtiyatlar Sisteminin ikigünlük iclasın yekununda qəbul etdiyi son qərardan sonra isə uçot dərəcəsi 0,25-0,5 faiz arasında dəyişəcək.

 

Federal Ehtiyatlar Sisteminin rəhbəri Canet Yellen uçot dərəcəsinin il ərzində artacağını istisna edir. Buna ABŞ iqtisadiyyatının dirçəlməsi əsas verir. Əmək Statistikası Bürosunun dekabr ayında açıqladığı məlumata görə, Birləşmiş Ştatlarda işsizlik səviyyəsi 5 faiz təşkil edir. İnflyasiya səviyyəsi isə 2 faizlik həddə çatmayıb.

 

Uçot dərəcəsinin artmasının dolların kursunun digər valyutalara qarşı artması ilə nəticələnəcəyi gözlənilir.

 

ABŞ-ın Federal Ehtiyatlar Sisteminin rəhbəri Canet Yellen bəyan edib ki, neftin qiyməti sabitləşəcək, lakin əvvəlki səviyyəyə çatmayacaq:

 

“Düşünürəm ki, elə bir hədd mövcuddur ki, neft qiymətləri ondan aşağı düşməyəcək. Dünya bazarları qiymətlərin sabitləşməsini və tədricən artacağını gözləyir. Neftin qiyməti sabitləşəcək, lakin əvvəlki səviyyəyə çatmayacaq”.

 

Federal Ehtiyatlar Sisteminin uçot dərəcəsini artırmasının ardınca, dünya bazarında neft kəskin ucuzlaşıb. London əmtəə birjalarında “Brent” markalı neftin 1 barreli 1,33 dollar və ya 3,46% ucuzlaşaraq 37,12 dollara satılıb. Nyu-York birjasında isə qara qızılın qiyməti 1,76 dollar və ya 4,71% azalaraq 35,59 dollara düşüb.

 

Xatırladaq ki, ABŞ uçot dərəcəsini artırmaqla yanaşı, həm də ölkədən neft ixracına 40 il bundan əvvəl qoyulmuş embarqonun ləğvinə qərar verib. Analitiklər hesab edirlər ki, bu qərarlar neftin qiymətini 30 dollara endirə bilər.

 

 

 

 

Müəllif | Apa.Tv
Apa.tv