Lənkəran Dövlət Dram Teatrında "İlan Sultan" tamaşasının premyerası olub

Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında iranlı yazıçı Bəhram Beyzayinin "İlan Sultan" əsəri əsasında hazırlanmış tamaşanın premyerası keçirilib. APA TV-nin cənub bürosunun məlumatına görə, səhnə əsərinin quruluşunu İrandan dəvət olunmuş rejissor Xeyrullah Təğiyanipur verib. O, tamaşanın əsas motivinin Azərbaycan nağıllarından götürüldüyünü bildirib

 

"Tamaşanın süjet xətti azərbaycanlılar arasında yaxşı tanınan xalq nağılının motivləri əsasında qurulub. Bu nağıl babalarımızdan balalarımızacan gəlib çatıb. Müəllif isə həmin nağılı pyes kimi qələmə alıb".

 

 

İranlı rejissorun sözlərinə görə, gələn ilin yanvarında Tehran şəhərində Beynəlxalq Fəcr Festivalı keçiriləcək. Lənkəran Dövlət Dram Teatrı da bu festivala "İlan Sultan" tamaşası ilə qatılacaq. Teatr bu tamaşa ilə həmçinin azərbaycanlıların yaşadığı Təbriz, Urmiya, Ərdəbil şəhərlərində də çıxış edəcək. 

 

Tamaşanın baş məsləhətçisi Atabəy Naderi, quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı İlqar Əliyevdir.

 

Tamaşada  əsas rolları respublikanın əməkdar artisti Sucəddin Mirzəyev, aktyorlardan Sayad Əliyev, Aynur Əhmədova, Qızılgül Quliyeva, Miraslan Ağayev, Əlibala Əsgərov, Emin Fərzullayev, Tərlan Abdullayev, Nizami Qurbanov, Gülər Kərimova, Şəbnəm Hüseynova, Emil Rzayev və digərləri ifa ediblər.

 

Müəllif | Apa.Tv
Apa.tv