İŞİD Mosul yaxınlığındakı Türkiyə hərbçilərini bombaladı
"İraq Şam İslam Dövləti" terror təşkilatı İraqın Mosul şəhəri yaxınlığında Türkiyə əsgərlərinin də olduğu düşərgəni bombalayıb. APA TV-nin məlumatına görə, düşərgəyə çoxsaylı top və raket zərbələri endirilib.
Düşərgəni qoruyan Türkiyə əsgərləri terrorçulara cavab atəşi açıblar. Qarşılıqlı artilleriya döyüşü iki saata yaxın davam edib.
Hadisə nəticəsində İraq əsgərlərindən ikisi ölüb, 4 Türkiyə əsgəri isə yaralanıb.
Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib ki, İŞİD-ə artıqlaması ilə cavab verilib:
"Hər zaman olduğu kimi, iki misli ilə cavab verildi. Ətrafdakı İŞİD mövqeləri məhv edildi".
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da hadisə ilə bağlı məlumatlandırılıb. Prezident məsələni xarici işlər naziri və silahlı qüvvələrin Baş Qərargah rəisi ilə müzakirə edib.