Cozef Bayden: "Türkiyə qoşunlarını İraqdan çıxarmalıdır"

ABŞ-ın vitse-prezidenti Cozef Bayden İraqın baş naziri Hayder əl-Abadi ilə görüşü zamanı Türkiyənin öz qoşunlarını İraq ərazisindən çıxarmalı olduğunu bildirib. APA TV-nin "Reuters"ə istinadən xəbərinə görə, Bayden vurğulayıb ki, Birləşmiş Ştatlar İraqın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir və Türkiyəni də məhz buna çağırır.

Hər iki siyasətçi türk ordusunun İraqdan çıxarılması yönündə atılan ilkin addımları alqışladıqlarını bildiriblər. Bununla bərabər, rəsmi Vaşinqton İraq və Türkiyəni iki ölkə arasındakı gərginliyin aradan qaldırılması üçün tədbirlər görməyə çağırıb.

Qeyd edək ki, mətbuat Türk əsgərlərinin İraqda yerləşdirilməsi haqqında hələ dekabrın 4-də məlumat verib. Rəsmi Ankara bu addımın yerli sakinlərdən İŞİD-ə qarşı döyüşçülərin hazırlanması ilə bağlı atıldığını bildirib. İraqın Xarici İşlər Nazirliyi isə Türkiyənin bu addımını işğal olaraq dəyərləndirib. Rəsmi Bağdad Türkiyədən qoşunlarının ölkə ərazisindən dərhal çıxarılmasını tələb edib. Dekabrın 10-da isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə İraqdakı hərbi kontingent sayının artırıla biləcəyini bəyan edib.

 

Müəllif | Apa.Tv
Apa.tv