Putin Türkiyəni hədələdi: "Bacarırlar, indi təyyarəmizi vursunlar"
Vladimir Putin Moskvada keçirdiyi mətbuat konfransında Türkiyənin Rusiya ilə düşmənçilik siyasəti apardığını iddia edib.
"Təyyarəmizin vurmadan öncə Türkiyə bizimlə əlaqə saxlayıb məlumat verməli idi. Lakin bu olmadı, üzr də istəmədilər, əvəzində NATO-ya şikayət etdilər. Sanki biz Türkiyə təyyarəsini vurmuşduq", deyə o, əlavə edib.
Daha sonra Putin rəsmi Ankaranın ünvanına təhqiramiz ifadə işlədib.
"Qoy Türkiyə bilsin ki, biz əməkdaşlıqdan imtina etmirik. Biz bəyan etmişik ki, türklərlə əməkdaşlığa hazırıq. Amma qarşı tərəfin mövqeyi buna imkan vermir. Türkiyə hakimiyyəti Qərbə yaltaqlanmaq istəyirsə, bu başqa məsələ".
Türkiyənin dəfələrlə Suriya sərhədini pozduğunu deyən Putin bildirib ki, əgər Ankara Rusiya təyyarəsini vurduqdan sonra İraq ərazisinə daxil ola biləcəyini düşünürsə yanılır.
"İndi bizim hərbi qüvvələrimiz Suriya ərazisindədir. Türkiyə təyyarələri Suriyanın hava məkanını indi niyə pozmurlar? Türkiyə Yaxın Şərq siyasətini islam pərdəsi altında həyata keçirir. Türkiyə hakimiyyəti yaramazdır. Onların məqsədinə çatmaq istəyi hər şeyi daha da çətinləşdirir", deyə Rusiya prezidenti vurğulayıb.
Mətbuat konfransında Rusiyanın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalardan vaz keçib-keçməyəcəyi barədə də sual verilib.
"Bu mümkün deyil. Biz Türkiyəyə iqtisadi və digər sahələrdə məhdudiyyətlər tətbiq etməyə məcbur olduq. Rusiya bu addımları özünün milli təhlükəsizliyinin təmin edilməsi məqsədilə atdı".
Kreml rəhbəri Suriyada Türkmən bölgəsiinin Rusiya təyyarələri tərəfindən bombalanması məsələsinə və Türkiyənin bundan narahatlığına da münasibət bildirib.
"Mən xalq olaraq, yalnız hamıya məlum olan türkmənləri tanıyıram, yəni Türkmənistan Respublikasının xalqını. Suriyadakı türkmənlər haqqında ilk dəfədir eşidirəm. Ankara bu məsələdə də bizi əvvəlcədən xəbərdar edə bilərdi, amma bu da baş verməyib", deyə Putin qeyd edib.