Mübariz Qurbanlı: “Orta məktəblərdə din fənni tədris olunmayacaq”

“Dinlərdən siyasi məqsədlər üçün istifadə edildikdə, radikal cərəyanlar yaranır”. APA TV-nin məlumatına görə, bu sözləri Dini Qurumlarla İş üzrə Dövləti Komitəsi və Yeni Azərbaycan Partiyası Gənclər Birliyi tərəfindən “Gənclər dini radikalizm və ekstremizmə yox deyir” mövzusunda təşkil olunan konfransda Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı söyləyib.

 

M.Qurbanlı Azərbaycanda dini icmalar arasında ziddiyyətlər olmadığını vurğulayıb. O qeyd edib ki, ölkədə əhalinin 96 faizi müsəlman olsa da, heç də hamı İslamın vacib şərtlərini yerinə yetirmir: “Bu şərtləri yerinə yetirmək üçün dövlətin qanunlarında məcburedici normalar yoxdur. Amma Səudiyyə Ərəbistanında dövlət səviyyəsində məcburedici tələblər var. Əgər Səudiyyə Ərəbistanında orucluq ayında yemək yediyinizi görsələr, polis sizi cəzalandırar. Bizdə isə könüllülük prinsipi mövcuddur. Eyni zamanda İslamın vacib şərtlərini yerinə yetirən, oruc tutan, namaz qılanı da heç kəs cəzalandıra bilməz”.

 

Komitə sədri Azərbaycanın dünyəvi dövlət olduğunu bir daha xatırladıb: “Nardaran hadisələrində müəyyən qüvvələr Azərbaycanın dünyəvi dövlət idarəçiliyinə zidd əməllər nümayiş etdirirdilər. Harada görünüb ki, seçki yolu ilə formalaşmayan qurumlar bütöv bir kəndin adından çıxış etsin? Yalnız Qafqaz Müsəlmanları İdarəsi Azərbaycanda fətva verə bilər. Həm də bu fətva tövsiyə xarakteri daşıyır, əməl etməyə də bilərsən. Ancaq qanunlara mütləq əməl edilməlidir. Ona görə də Nardarandakı hadisələrə həm siyasi, həm ideoloji müstəvidə mütləq cavab verilməlidir”.

 

Mübariz Qurbanlı Qubada bir gəncin iki əlinin kəsilməsi hadisəsinə də toxunub: “Deyirlər ki, guya borcu olub. Ancaq bunun özü də bir vəhşilikdir. Belə halların qarşısı alınmalıdır. Ölkəmiz dinə yox, dini xurafata qarşıdır. Dahi mütəfəkkirlərimiz Axundov, Nərimanov, Cavid və digərləri xurafata qarşı mübarizə aparıb. Dini xurafat bizi geriyə, dini radikalizm isə daha dəhşətli yerə aparır. Biz əvvəlcə azərbaycançı, sonra ümmətçiyik. Bu gün Suriyanı görürsünüz. Radikal dini cərəyanların mübarizəsi ölkəni nə vəziyyətə qoydu? Oranı bombalamayan böyük dövlət qalmayıb. Ona görə də gənclərimiz ayıq-sayıq olmalıdır”.

 

Orta məktəblərdə dinlə bağlı xüsusi fənn tədris olunmayacağını deyən Komitə sədri qeyd edib ki, orta məktəblərdə “Həyat Bilgisi” dərsliyində dinlər barədə məlumat verilir.

 

Müəllif | Apa.Tv
Apa.tv