SOCAR: Yanan neft quyularının söndürülməsi Xəzərdə ekoloji təhlükəni aradan qaldırıb

"Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində mümkün neft dağılmalarının və yarana biləcək ekoloji fəsadların qarşısını almaq məqsədi ilə yaradılmış işçi qrup tərəfindən ötən sutka ərzində aparılmış növbəti monitorinqin nəticələri açıqlanıb.

 

SOCAR-dan APA-ya verilən məlumata görə, monitorinqlər havadan helikopterlər, dənizdən gəmilər vasitəsilə bütün gün ərzində davam etdirilib. Yanan neft quyularının söndürülməsi dənizə neft dağılmaları təhlükəsinin aradan qaldırılmasında əhəmiyyətli rol oynayıb. Ekoloji vəziyyətə daimi nəzarəti təmin etmək üçün ərazidə olan ixtisaslaşdırılmış “Məmməd Süleymanov” gəmisindən alınan məlumatlar da hava və dəniz müşahidələrinin nəticələrini təsdiqləyib.

 

“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində mümkün neft dağılmalarının qarşısını almaq məqsədi ilə yaradılmış işçi qrupun tərkibində fəaliyyət göstərən Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, SOCAR və BP şirkətlərinin mütəxəssiləri monitorinqləri davam etdirilər.

Eyni zamanda “Azərkosmos” ASC, Kanadanın MDA şirkətinə məxsus “Radarsat-2” peykinin Xəzər dənizində apardığı radar tipli peyk çəkilişlərinin təsvirləri gündəlik olaraq işçi qrupa təqdim olunur.

 

Müəllif | Apa.Tv
Apa.tv