Azad Rəhimov: "Bilet satışında azərbaycanlılara 40 faiz endirim olacaq"
2016-cı ildə Bakıda keçiriləcək “Formula 1"in Bakı Qran-Prisi üçün biletlərin satışına start verilir. APA TV-nin məlumatına görə, biletlər sabah saat 12-dən etibarən satışa buraxılacaq. Bunu gənclər və idman naziri Azad Rəhimov deyib. Nazir bildirib ki, 30 minə yaxın bilet satılacaq, qiymətlər müxtəlifdir.
"Biletlərin 19 manatdan başlayır. Amma hələ ki, bu barədə danışmaq tezdir. Sürprizlər edəcəyik. Çalışacağıq ki, paytaxt sakinləri əsl bayram yaşasınlar. Konsertlər, şou proqramlar təşkil olunacaq".
Azad Rəhimov deyib ki, azərbaycanlılara biletlərin qiymətində 40 faiz endirim olacaq.
"Bu yarış büdcədən maliyyələşdirilir, buna görə də ev sahibliyini Azərbaycan edir. Azərbaycanın vergi ödəyənlərinin hesabına qismən bu yarış keçirilir. Azərbaycanın vətəndaşları üçün 40 faiz endirim ediləcək".
Nazirin sözlərinə görə, yarışların keçirilməsi üçün yollarda aparılan işlərə 12 milyon manat pul xərclənib.
“Həmçinin Əməliyyat Komitəsi hələlik 5 milyon xərcləyib. Bu, təbliğat və işçilərin əmək haqqına sərf olunub. Bundan əlavə, Azadlıq Meydanında 300 mt-lik pits-stop tikiləcək. Ən böyük vəsait ona yönəldiləcək".
Azad Rəhimov "Formula 1" yarışında gələcəkdə azərbaycanlı idmançının iştirakını istisna etməyib.
"Hər bir ölkə "Formula 1" yarışlarında təmsil olunmağı arzulayır. Gələcəkdə ola bilər ki, Azərbaycan da təmsil olunsun. Dövlətin bu idman növündə komanda yaratmaq planı yoxdur. Əgər hansısa biznesmen bunu etmək istəsə, dəstək verərik".
Gənclər və idman naziri bildirib ki, 10 illik müqavilədən 5 ildən sonra imtina oluna da bilər. Əlavə edib ki, bu bizim qərarımızdan asılı olacaq. Əməliyyat şirkətində 50-yə yaxın yerli, 3 əcnəbi çalışır. Çalışacağıq ki, gələn ildən ancaq yerlilər olsun. Bundan başqa Bakı sakinlərinə maneə yaratmamaq üçün, tıxac olmaması üçün mümkün qədər səy göstəriləcək. Bunun üçün lazımi tədbirlər görüləcək. Azərbaycan Avtomobil Federasiyası tərəfindən hazırda Zirə istiqamətində böyük bir sahə götürülüb. Bu sahə böyük avtodrom tikintisi üçün nəzərdə tutulub. Lakin gələn il və qarşıdakı illərdə dövlət büdcəsindən bunun üçün vəsait nəzərdə tutulmayıb.