Bəşər Əsəd: "Suriya böhranının açarı Türkiyə və Səudiyyə Ərəbistanının əlindədir"

Suriya prezidenti Bəşər Əsəd Hollandiya televiziyasına müsahibə verib. APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, B. Əsəd Suriyada yaranmış mövcud vəziyyətdən çıxış yolunun Türkiyə və Səudiyyə Ərəbistanından asılı olduğunu bildirib. Suriya prezidenti adı çəkilən ölkələrin terrorçulara yardım edən əsas qüvvələr olduğunu önə çəkib.

Bəşər Əsəd Türkiyə və Səudiyyə hökumətlərinin İŞİD terrorçularına silah və maliyyə baxımından verdikləri dəstəyin dayandırılacağı təqdirdə, bir ildən az müddətdə bu qruplaşmanın məğlub olacağını da sözlərinə əlavə edib. Suriya prezidenti Avropanı ölkəsinə terrorçu göndərməkdə də ittiham edib:

"Bir çox Avropa lideri özlərini neft puluna satıb, vəhhabilik kimi qaranlıq ideologiyaların Avropaya yayılmasına şərait yaradıb. Buradan da göründüyü kimi, onlar bizə terrorçu göndərirlər, biz onlara yox. Baxın, Paris hücumlarının törədilməsində şübhəli bilinən hər üç şəxs daha öncə Suriyada deyil, Avropada yaşayıb".

Müəllif | Apa.Tv
Apa.tv