Qərb mediası: Rusiya Bəşər Əsədin istefaya getməsinə razılıq verib

Rusiya Bəşər Əsədin istefasına razılıq verib və hazırda onu əvəz edəcək şəxsi axtarır. APA TV-nin məlumatına görə, Qərb mediası Rusiyanın Bəşər Əsədin istefasını nəzərdə tutan gizli planının olması barədə məlumat yayıb.

 

Rusiya Qərb ölkələrinə açıq şəkildə bildirib ki, prezident Bəşər Əsədin Suriya münaqişəsinin dinc yolla həlli çərçivəsində istefaya getməsinə etiraz etmir. O da bildirilir ki, Nyu-York danışıqları ərəfəsində Rusiya Bəşər Əsədin "qeyd-şərtsiz" dəstəklənməsi istiqamətindəki siyasətini yenidən nəzərdən keçirir: "İran kimi Rusiya da hər zaman Bəşər Əsədin sadiq müttəfiqi olub və 250.000 nəfərin ölümü ilə nəticələnən 5 illik vətəndaş müharibəsi zamanı Suriya hökumətinin əleyhinə olan qüvvələrlə mübarizə aparılması üçün bu ölkəyə qoşun yeridib. Həm Rusiya, həm də İran Bəşər Əsədin taleyinin ümumxalq səsverməsi yolu ilə həllinin tərəfdarıdır. Qərb, Türkiyə, Səudiyyə Ərəbistanı və digər ölkələr münaqişənin həlli prosesinin davam etdiyi müddətdə onun hakimiyyətdə qalmasına könülsüz şəkildə razılıq verib".


Adının açıqlanmasını istəməyən yüksək rütbəli diplomat vurğulayıb ki, məxfi söhbətlər əsnasında onun digər həmkarları Bəşər Əsədin istefasını mümkün sayır. Onlar sadəcə bunu açıq şəkildə bəyan etməyə çəkinirlər. "Reuters"in xəbərinə görə, bir neçə Qərb diplomatı artıq yayılan informasiyanı təsdiqləyib. Bundan əlavə, rəsmi Moskvanın əlində Bəşər Əsədin mümkün xələflərinin adları yazılmış siyahının olması da gələn xəbərlər arasındadır.

Birləşmiş Ştatlar, Rusiya, İran, bir neçə ərəb və Avropa ölkəsi arasında Əsəd rejimi ilə Suriya müxalifəti arasında danışıqların aparılmasına daha 6 ay vaxt vermək barəsində razılığa gəlinib. Yaxın il yarım ərzində isə ölkədə prezident seçkilərinin keçirilməsi nəzərdə tutulur.

 

Bu arada Nyu-Yorkda Suriya məsələsi ilə bağlı keçiriləcək danışıqlarda Birləşmiş Ştatların dövlət katibi Con Kerri, Rusiya xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrov və digər nazirlər iştirak edəcək. Öncəki danışıqlar zamanı isə ABŞ və Avropa təmsilçiləri Əsədin keçiriləcək seçkilərdə iştirak etməyəcəyi barəsində razılıq əldə edib. Qərb diplomatlarının fikrincə, danışıqlarda iştirak edən tərəflər arasında Suriya münaqişəsinin həlli məsələsində fikir ayrılıqları mövcuddur. Bu fikir ayrılıqları tədricən aradan qalxsa da, onlar hələ də bəzi məsələlərdə uzlaşa bilmir. Bu arada bəzi ölkələr Əsədin İŞİD-lə mübarizədə əsas rol oynadığı qənaətindədir. Diplomatların "bəzi ölkələr" dediyi dövlətlərin arasında heç şübhəsiz ki, İran da yer alır.

 

Müəllif | Apa.Tv
Apa.tv