Oqtay Əsədov: “Əfv olacaq”

Bu gün Milli Məclisin növbəti plenar iclası keçirilib. APA TV-nin məlumatına görə, iclası açıq elan edən spiker Oqtay Əsədov gündəliyi elan edib.

 

Gündəlikdən əvvəl cari məsələlərə yer ayrılıb.

 

İclasda ABŞ Helsinki Komissiyası tərəfindən Kris Smitin (Nyu-Cersi ştatı 04) rəhbərliyi ilə Konqresə təqdim olunan, Azərbaycanda vəzifəli şəxslərə sanksiya nəzərdə tutan qanun layihəsinə etiraz olunub.

 

Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, Smit vaxtilə Demokratlar Partiyasının, Respublikaçılar Partiyasının üzvü olub: “Amma indi erməni lobbisinin fəallarındandır. Bizdə bəzi media qurumları bunu şok xəbər kimi təqdim edir. Burda şok nə var ki? Təsəvvür edin ki, biz bir komissiya yaratmışıq. Kimsə də belə çıxış edib. O, adi deputatdır. ABŞ səfiri açıqlama versin ki, bu bəyanat ABŞ-ın rəsmi mövqeyidir, yoxsa hansısa bir konqresmenin?”

 

Spiker bu qanun layihəsinin Konqresdən keçməyəcəyini bildirib: “ABŞ Konqresində Azərbaycanın kifayət qədər dostu var. Bu qanun layihəsinin Konqresdən keçəcəyinə inanmıram”.

 

O. Əsədov mətbuata da müraciət edərək, ABŞ-ın Azərbaycandakı səfirinə bununla bağlı suallar ünvanlamağa çağırıb.

 

İclasda həmçinin ABŞ-da Azərbaycan diasporunun fəaliyyəti müzakirə edilib. ABŞ-Azərbaycan parlamentlərarası işçi qrupunun rəhbəri, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, Azərbaycanda hər ilin sonunda əfv sərəncamı imzalanılır və indiki vaxtda ABŞ-da belə bir qanun layihəsini ortaya atmaqla Azərbaycanı təxribata çəkmək istəyirlər.

 

Deputat Zahid Oruc isə deyib ki, ABŞ-la Azərbaycan bütün hallarda işləməlidir: “ABŞ Konqresində Azərbaycanla dost olan konqresmenlər varmı? Əlbəttə, var. Bir dəfə də onlar bizə uyğun akt hazırlayıblarmı? Ona görə biz ABŞ-la işi gücləndirməliyik”.

 

O, Azərbaycan diasporunu bu istiqamətdə fəallığa çağırıb.

 

Spiker Oqtay Əsədov isə Zahid Oruca irad bildirib: “ABŞ-la iş aparılır. Amma bilirsən ki, orada erməni diasporunun tarixi nə vaxtdan başlayır, Azərbaycan diasporunun tarixi nə vaxtdan? 100 ildən çoxdur, orada yaşayan ermənilər artıq amerikanların ətinə-dırnağına işləyib. Amma biz orada cəmi 20 ildir diaspor qururuq. 2007-ci ildə Konqresdə məsələ müzakirə olunarkən biz 210 səs əldə etdik. Cəmi 15 səs çatmadı. Bu göstərici deyilmi? Siz hər şeyin birdən-birə olmasını istəyirsiniz”.

 

Deputat Qüdrət Həsənquliyev isə qeyd edib ki, əfv mütləq verilməlidir: "Bundan sonra görək hansı bəhanəni tapacaqlar”.

 

Qüdrət Həsənquliyevin təklifinə münasibət bildirən spiker Oqtay Əsədov  bildirib ki, bu il 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü ilə bağlı əfv sərəncamı imzalanacaq. Spiker qeyd edib ki, Azərbaycan prezidenti bu kimi sərəncamları mütəmadi imzalayır, ilin sonunda da əfv sərəncamının imzalanması gözlənilir.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı