Vüsalə Mahirqızı: “Qadınlar media idarəçiliyində iştirak üçün daha təşəbbüskar olmalıdır”

Bu gün Avropa İttifaqı və Avropa Şurasının “Azərbaycanda ifadə azadlığı və media azadlığı” layihəsi çərçivəsində “Gender bərabərliyi və media” mövzusunda sessiya keçirilib.

 

APA TV-nin məlumatına görə, sessiyada “Azərbaycanda gender bərabərliyi və media” mövzusunda çıxış edən “APA Holding”in rəhbəri Vüsalə Mahirqızı deyib ki, mövzuya Azərbaycan mediasında gender balansının qorunması və medianın cəmiyyətdə gender balansının qorunmasındakı rolu baxımından yanaşmaq mümkündür.

 

V.Mahirqızı qeyd edib ki, Beynəlxalq Jurnalistlər Federasiyasının Azərbaycan Jurnalistlərinin Həmkarlar İttifaqı və “Söz Azadlığı və Jurnalist Peşəkarlığı Koalisiyası” ilə birgə başlatdığı “Etik Jurnalistika Təşəbbüsləri Azərbaycan” layihəsi çərçivəsində 90 redaksiyadan 200 media təmsilçisini arasında sorğu keçirilib. Sorğu nəticəsində bəlli olub ki, ümumrespublika yayımlı telekanalların əməkdaşlarının təqribən 40-45 faizi, regional telekanalların əməkdaşlarının təqribən 25-30 faizi, ümumrespublika yayımlı qəzetlərin əməkdaşlarının təqribən 30-35 faizi, regional qəzetlərin əməkdaşlarının təqribən 20-25 faizini qadınlar təşkil edir. Müqayisə üçün bu rəqəm inkişaf etmiş Avropa ölkələrində də 30-35 faizdən artıq deyil.

 

Qadınların rəhbərlikdə təmsil olunma faktı isə azdır. Belə ki, sorğunun keçirildiyi 90 redaksiyadan yalnız 10-nun, ölkədəki 15 məşhur jurnalist təşkilatından isə yalnız birinin rəhbəri qadındır. Mətbuat Şurasının İdarə Heyətinin əsas heyətində yalnız bir, əvəzedici heyətində də bir qadın təmsil olunur.

 

V.Mahirqızı qadınların media idarəçiliyində təmsil olunmamasının səbəbləri sırasında mental dəyərlər - ailə və cəmiyyətdəki baxış və təşəbbüskarlığın olmamasını qeyd edib.

 

Medianın cəmiyyətdə gender balansının qorunması istiqamətindəki fəaliyyətindən söz açan V.Mahirqızı bildirib ki, media gender məsələsinə ümumən balanslı yanaşmağa çalışır. Azərbaycanda məhz qadın olduğu üçün inzibati idarəetmədə və iş yerində diskriminasiyaya məruz qalma faktları o qədər də populyar deyil: "Bu məsələ populyar olmadığı üçün mediada da bununla bağlı qabarıq faktlara rast gəlinmir. Amma bəzi məqamlarda medianın yanaşmasında gender balansının pozulması hallarına təsadüf olunur. Bu hallara ailə-məişət münasibətləri ilə bağlı xəbər və yazılarda, sosial mediada müzakirələrdə qadın obrazına seksual predmet kimi yanaşmada, peşə bölgüsü ilə bağlı cəmiyyətdə formalaşmış stereotiplərin mediaya da siyasət etməsində, mediada, xüsusilə onlayn mediada cinsi ayrı-seçkilik meyllərində rast gəlinir. Bu sırada qadınların öz hüquqlarını bilməməsindən doğan problemlərin işıqlandırılmasındakı məqamları və qadınlarla bağlı gizlilik, şəxsi həyatın toxunulmazlığı prinsipinin pozulmasını da əlavə etmək lazımdır".

 

Problemin aradan qaldırılması yollarına gəlincə, “APA Holding”in rəhbəri bildirib ki, gender mövzusundan yazan jurnalistlər üçün treninqlərin keçirilməsi, mövzuya heç bir halda cinsi ayrı-seçkiliklə yanaşmamaq, yalnız sosial yönünü araşdırmaq, qadın təşkilatlarının və müvafiq komitənin ümumilikdə cəmiyyətdə gender balansının qorunması istiqamətindəki maarifçilik tədbirlərinin sayının artırılması, medianın gender bərabərliyi istiqamətində mütəmadi olaraq maarifçi materiallarla çıxış etməsi və örnək qadın simvollarının cəmiyyətə təqdim olunması lazımdır.

 

“Jurnalistikada gender balansı” mövzusunda çıxış edən Jurnalistlərin Həmkarlar İttifaqının (JUHİ) sədri Müşfiq Ələsgərli deyib ki, mental məqamlar regionlarda xüsusən xanımların media sahəsində çalışması üçün müəyyən maneə yaradır. O, Azərbaycan qanunvericiliyinin qadınların karyera qurmasına bütün imkanları yaratdığını, ancaq karyera, mental məsələlər, ailə ilə bağlı seçimin qadına məxsus olduğunu vurğulayıb.

 

Tədbir müzakirələrlə davam edib.

 

Əjdər İbrahimov

Müəllif | Apa.Tv
Apa.tv