Samuxda dəhşətli cinayət: yaşlı qadını öldürdülər, evini talayıb yandırdılar
Samuxda evi qarət olunan qadın öldürülüb. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə dünən axşam saatlarında Samux şəhərində qeydə alınıb.
Rayon sakini, 1952-ci il təvəllüdlü Lütfiyyə İsmayılovaya məxsus evdə yanğın olub. Əraziyə dərhal Samux Yanğından mühafizə hissəsinin iki avtomobili və canlı qüvvəsi cəlb edilib. Alov söndürüldükdən sonra içəridə ev sahibinin meyiti aşkarlanıb. İlkin ehtimala görə ev qarət olunduqdan sonra Lütfiyyə İsmayılovanın əllərini bağlayıb bıçaqla qətlə yetiriblər. İzi itirmək üçün isə ev yandırılıb.
Faktla bağlı Samux rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma gedir.
Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi də məlumat yayıb. Məlumata görə, Samux rayonunda vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağında döşəmə və xalça 9 kv.m sahədə, digər 2 otağın ev əşyaları qismən yanıb. Yanğının kəşfiyyatı zamanı ev sahibi, 1952-ci il təvəllüdlü İsmayılova Lütfiyə Niyaz qızının meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub.