Vəkil: "Dəstə başçısı yoxdur, amma adamları tutublar" - "MTN İŞİ" ilə bağlı DAHA BİR FAKT
2012-ci ilin fevralında keçmiş Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində kompüter informasiyasına qanunsuz daxil olaraq müxtəlif bank hesablarından külli miqdarda pul vəsaitlərinin talanmasında təqsirli bilinən və həbs edilən mütəşəkkil dəstənin üzvləri ilə bağlı mətbuat konfransı keçirilib.
APA TV-nin məlumatına görə, vəkil Türkel Süleymanlı bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxs, hazırda həbsdə olan Elçin Abdullayev keçmiş MTN Baş İstintaq İdarəsinin sabiq rəis müavini Sahib Ələkbərov tərəfindən təqibə məruz qalıb və əsassız olaraq həbs edilib. Vəkilin sözlərinə görə, bu cinayət işi yalnız maddi maraq əsasında MTN tərəfindən başlanıb. Vəkil Türkel Süleymanlı bildirib ki, Elçin Abdullayev kompüter sahəsində mütəxəssis işləyib. İddia edirlər ki, dəstənin rəhbəri olan Rəhman Musayev guya transmilli beynəlxalq cinayətkar qrup yaradıb və banklardan külli miqdarda vəsait oğurlayıblar. Halbuki Elçinlə Rəhman arasında heç vaxt vəzifə, pul bölgüsü olmayıb. Sahib Ələkbərov öz maraqlarına görə oğurluqla bağlı olan cinayət işinin istintaqını Daxili İşlər Nazirliyinə verməyib.
"Bunlara şamil olunmuş cinayət işi CM-nin 177-ci maddəsidir. Bu oğurluqdur . Bu maddənin istintaq işini DİN aparmalıdır. İstintaqı DİN-ə verməmək üçün Transmilli Cinayətkar qrup adlandırıb işi özləri aparıblar. İşin içində bir nəfər zərərçəkən şəxs və ya tərəf yoxdur. Məqsəd dəstə başçısı adlandırılan Rəhman Musayevi həbs etmək olmayıb. Məqsəd onun mülkünü, əmlakını ələ keçirmək olub. İstintaq gedib, adamlar həbs olunub. Sonra Rəhman Musayev barəsində həbs qəti imkan tədbiri dəyişdirilib".
Dəstənin başçısı kimi həbs olunan Rəhman Musayev barəsində həbs qətimkan tədbiri dəyişdiriləndən sonra o yoxa çıxır və məhkəmə proseslərində belə iştirak etmir. Halbuki, istintaq işində Rəhman Musayev başda olmaqla bu şəxslərin guya Hindistan, Rusiya, ABŞ və digər ölkələrin vətəndaşlarından ibarət cinayətkar qrup formalaşdırdığı, heç bir xarici bank və fiziki şəxsin şikayəti, hətta adı olmadığı halda, Elçin Abdullayevin 140 min, Emin Zəkiyevin isə 40 min manat mənimsədikləri yazılaraq, onlar özgə əmlakını talamaqda ittiham ediliblər.
"Burda 1 dənə zərərçəkən olmadığı halda bu şəxslərə 7-8 il iş veriblər və bu günə qədər cəza çəkməkdə davam edirlər. Bizimdə mətbuata müraciətimizin əsas səbəbi budur ki, bu cinayət əməli yenidən araşdırılsın və biz məhkəməyə müraciət edək, bəlkə ədalətin təmin olunmasına nail ola bildik".
Xatırladaq ki, MTN-nin sözügedən faktla bağlı yaydığı məlumatda göstərilib ki, Azərbaycan Respublikasının vətəndaşları - Musayev Rəhman Sahib oğlu, Abdullayev Elçin Tariyel oğlu, Zəkiyev Emin Tahir oğlu, Dadaşlı Mikayıl Elşad oğlu və qeyriləri mütəşəkkil dəstə tərkibində internetdən istifadə etməklə qanunla qorunan kompüter informasiyasına qanunsuz daxil olub onların surətlərini əldə edərək 2008-2011-ci illər ərzində həmin informasiyalar vasitəsilə ayrı-ayrı fiziki və hüquqi şəxslərə məxsus elektron bank hesablarından böyük məbləğdə pul çıxarıb və onların mənafeyinə külli miqdarda ziyan vurmaqla həmin pul vəsaitini gizli olaraq talayıblar.
Qeyd edək ki, cinayət işini aparan Milli Təhlükəsizlik Nazirliyinin Baş istintaq İdarəsinin sabiq rəis müavini Sahib Ələkbərov bu ilin sentyabrın həbs olunub.